Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ortaq tarixi, dini, dil və mədəni bağları mövcuddur. Türk Dövlətləri Təşkilatı (TDT) 5 tamhüquqlu üzvü (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan) ilə siyasət, iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahələrində yüksək səviyyəli əməkdaşlığı sistemləşdirməyi davam etdirir və hazırda “Türk Dünyası Vizyonu 2040” istiqamətində irəliləməyi hədəfləyir.
Hazırda Azərbaycan Cənubi Qafqazda sabitliyi təşviq edən, iqtisadi əlaqələri dərinləşdirən və regionun Avropa ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və logistika körpüsü rolunu gücləndirən aparıcı aktora çevrilməkdədir. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək Türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan təkcə sammitin deyil, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi əməkdaşlığının tamhüquqlu iştirakçısına çevrilir. Bu, təkcə Mərkəzi Asiyada deyil, həm də Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir. Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyini və fasiləsizliyini təmin etməklə bölgədə etibarlı tranzit ölkə statusunu bir daha təsdiq edir. C5+Azərbaycan və C5+1 çərçivəsində tranzit tariflərinin hərtərəfli koordinasiyası, keçid müddətlərinin azaldılması, gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, multimodal logistikanın (dəniz–dəmir yolu–avtomobil) inteqrasiyası kimi addımlar tam reallaşacağı halda 2030-cu ilə qədər Azərbaycan üzərindən keçən tranzit yüklərinin azı bir neçə milyon ton artması realdır. Ekspertlərin bildirdikləri kimi, Qazaxıstan və Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan xətti vasitəsilə daşınması, Türkmənistan qazının svop mexanizmləri ilə Azərbaycana ötürülməsi və Xəzər dənizindən keçən enerji dəhlizlərinin Avropaya çıxışı regional enerji təhlükəsizliyini artıran əsas addımlar sırasındadır. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər keçişli logistika xətləri Orta Dəhlizin əhəmiyyətini artıraraq Azərbaycan ilə Mərkəzi Asiya arasında ticarət və strateji əlaqələri möhkəmləndirir. Ekspertlərin bildirdikləri kimi, Xəzər dənizinin qərb sahilində yerləşən Bakı dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatı şəbəkələri vasitəsilə okeanlara çıxışı olmayan bu ölkələrə onları Qara dəniz və Aralıq dənizi limanları ilə birləşdirən həyati əhəmiyyətə malik tranzit dəhlizləri təqdim edir.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır: “Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük”.
2025-ci il noyabrın 25-də Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağının iclasının keçirilməsi bunun əyani təsdiqidir. Azərbaycanın sədrliyi ilə təşkil olunan iclasda Assosiasiyanın üzvü olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak edib. İclasda qeyd olunub ki, Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artımın müşahidə edildiyi bir vaxtda marşrutların şaxələndirilməsinə ehtiyac yaranıb. Bu məqsədlə “Avrasiya Nəqliyyat Marşrutu”nun fəaliyyətinin tam təmin edilməsinin əhəmiyyəti daha da artmaqdadır. Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir. Artıq bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb. 2024-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Dəmir Yoları, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır. Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə (“Mərkəzi Asiya+Azərbaycan”) formatında Mərkəzi Asiya dövlət başçılarının konsultativ görüşü baş tutub. Özbəkistan Prezidenti Şövkət Mirzyoyev Azərbaycanın bu formata qatılmasının Mərkəzi Asiyanın dünyada səsinin daha çox eşidilməsinə şərait yaradacağını bildirib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə X sosial şəbəkə hesabında qəbul edilən qərarı Azərbaycanın Mərkəzi Asiya ilə “geosiyasi və geoiqtisadi birliyə çevrilməsi” kimi xarakterizə edib. “Bu andan etibarən Mərkəzi Asiya “6” kimi çıxış edir”.
Dövlətimizin basçısı bundan əvvəl Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasının 2023 Düşənbə, 2024-cü il Astana görüşlərinə fəxri qonaq statusunda qatılıb. Son üç ildə Azərbaycan lideri Mərkəzi Asiya ölkələrinə ümumilikdə 14 dəfə səfər edib. Eyni dönəm ərzində region ölkələrinin liderləri Azərbaycanda 23 dəfə olublar. Xüsusilə Bakının region dövlətləri ilə əlaqəsi Orta Dəhlizlə bağlı müzakirələr, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin TRİPP və ya “Tramp yolu” ilə bağlı razılığı fonunda güclənib.
Prezident İlham Əliyev 2025-ci il iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçılarının suallarını cavablandırarkən bildirib ki, hazırda Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır: “Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.
Zahid Rza, “İki sahil”
Azərbaycan–ABŞ münasibətləri: Enerji təhlükəsizliyi və geosiyasi maraqlar fonunda 2025-ci ilin tarixi mərhələsi
Azərbaycanın bərpaolunan enerji siyasəti “Xızı–Abşeron” KES layihəsi ilə daha da güclənir