Baltik dənizində Litva və Latviyanı Skandinaviya ölkələri ilə internet bağlantısı ilə təmin edən optik lif kabeli zədələnib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə LRT-yə Milli Böhranların İdarə Olunması Mərkəzinin (NKVC) rəhbəri Vilmantas Vitkauskas məlumat verib.

Vitkauskasın sözlərinə görə, kabel Latviya ərazi sularında, Liepaya limanından bir neçə kilometr aralıda zədələnib. Lakin insidentə ilk olaraq Litva tərəfi diqqət yetirib — zədələnmə barədə məlumat yanvarın 2-si axşam saatlarında məlum olub və Latviya tərəfinə ötürülüb. Hazırda Latviyanın müvafiq qurumları araşdırma aparır.
NKVC rəhbəri bildirib ki, hazırda konkret bir gəmi yoxlanılır: «Biz ekipajla əlaqədəyik… və məlumat əldə etdikdən sonra onu paylaşacağıq». Onun sözlərinə görə, zədələnmiş kabeldən keçən internet trafiki hazırda digər kanallar, o cümlədən Polşa və İsveç üzərindən yönləndirilir.
LRT-nin məlumatına görə, bazar günü Latviya polisi və sahil mühafizəsinin nümayəndələri hazırda Liepaya limanında olan bir gəminin göyərtəsinə qalxıblar. Gəminin və ya ekipajın saxlanılması barədə məlumat verilməyib.
Xatırladaq ki, dekabrın 31-də Finlandiya hakimiyyəti Rusiyadan İsrailə gedən bir gəmini Finlandiya körfəzində telekommunikasiya kabelinin zədələnməsində şübhəli bilinərək saxlamışdı.
Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər - Tramp