ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun Venesuelanın yeni prezidenti postuna namizədliyini dəstəkləmir. Bunun səbəbi Maçadonun Nobel Sülh Mükafatını Trampa “təslim etməməsi”dir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" Ağ Evə yaxın mənbələrə istinadla yazıb.
Mənbələrdən birinin sözlərinə görə, Maçado mükafatı ABŞ prezidentinə həsr etdiyini desə də, onu qəbul edib və bu, “onun ən böyük günahı” olub. “Əgər o, mükafatdan imtina edib desəydi ki, ‘mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampa məxsusdur’, bu gün Venesuelanın prezidenti olardı”, - deyə qəzetin həmsöhbəti bildirib.

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatdan sonra keçirilən mətbuat konfransında Donald Tramp Maçadonun ölkəni idarə etmək üçün “ölkə daxilində dəstəyə və hörmətə malik olmadığını” deyib. Maçadonun komandasına yaxın mənbənin sözlərinə görə, ABŞ prezidentinin bu açıqlaması “onlar üçün tam gözlənilməz olub”.
Venesuela müxalifətinin liderlərindən biri qəzetə bildirib ki, Donald Trampın açıqlamaları müxalifət hərəkatındakı bir çox insan üçün xoşagəlməz olub, lakin “hər bir keçid dövründə acı dərmanı udmaq lazım gəlir”. Onun sözlərinə görə, növbəti 48 saat Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesin ölkədə “yumşaq keçid” prosesini həyata keçirib-keçirməyəcəyini aydınlaşdıracaq.
Mariya Korina Maçadoya 2025-ci ilin oktyabrında Venesuela xalqı üçün demokratik hüquqların təşviqi və diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda “yorulmaz fəaliyyəti”nə görə Nobel Sülh Mükafatı verilib. Mükafata namizədlər arasında Donald Tramp da olub. ABŞ prezidenti dəfələrlə sülhməramlı səylərinə görə bu mükafata layiq olduğunu bildirib.
Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər - Tramp