02 yanvar 2026 22:56
83

Vətən üçün önəmli missiya...

2022 ci ilə əlvida deyib böyük ümidlərlə 2023-ü Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsindəki "EKO AKSİYA”-da qarşıladıq. Yeni ili Şuşada keçirməyin əvəzolunmaz bir duyğu olduğunu sözlərlə ifadə etmək mümkün deyil.  Üstəgəl ,Vətən üçün önəmli bir missiyanı yerinə yetirərkən.

Soyuq, şaxtalı havanın höküm sürdüyü o günlərdə heç üşümürdük də. Çünki bizim Şuşada olduğumuzun, Şuşa uğrunda canını fəda etmiş şəhid qardaşımızın ruhlarının da bizim yanımızda olduğunu hiss edirdik...

Sizə, ilk öncə eko-aktivistlərdən deyim. Onlar əli silahlı rus sülhməramlı kontingentinin əsgərləri önünə sipər olaraq dimdik dayanaraq haqlı tələblərini dilə gətirirdilər. Hansı iştirakçıya yaxınlaşıb müsahibə aldıqsa, hamısı, aşağı-yuxarı eyni fikri dilə gətirirdilər: separatçı rejim Qarabağdakı faydalı yataqları talamaqdan əl çəkənə qədər bu dinc aksiyamız davam edəcək, deyərək nə qədər qətiyyətli olduqlarını bildirirdilər.

Fərqli dillərdə səsləndirdikləri şüarlar isə konkret idi.

Azərbaycan oyaqdır,sərvətinə dayaqdır!

 Ekoloji cinayətlərə son!

Azərbaycan milləti qoruyacaq sərvəti!

 Ekoçidi NET,monitorinq DA!

Stop ekoçide!

Ölkəmiz üçün önəmli olan bu aksiyaya könüllü gəlmək istəyən tələbələrin də sayı az deyildi. Bu dinc aksiyada iştirak edib, Azərbaycanımızın sərvətini talayanlara DUR demək istəyən tələbələr durmadan Şuşaya gəlirdilər...

Yenə könüllü tələbələrin gəldiyi günlərdən biri idi. Avtobus aksiya meydanına çatanda biz operatorlar da tələbələri çəkməyə çalışırdıq. Bir an qulağıma 'ATA' səsi gəldi. Bu səs məni sanki silkələdi. Axı bu səs qızımın səsinə çox bənzəyirdi. Uzun zamandır evdən uzaqlaşmışam, övladlarım üçün darıxdığımdan səs qulağıma gəlir deyə düşündüm və işimi, çəkilişimi etməyə davam etdim. Eyni səs təkrar qulağıma gəldi. Utancaq səslə 'ATA' deyə səs eşitdim. Bu dəfə özümdən qeyri-ixtiyari səsə tərəf yönəldim. Səs o səs idi. Milli Aviasiya Akademiyasının tələbəsi, qızım Dilşad Heydərzadəyə aid idi. Günlərdir uzaq olduğum övladım üçün çox darıxmışdım. Qızım da həmçinin. İlk öncə nə qulaqlarıma nədə gözlərimə inana bilmədim. Ama, sonrasında gəlib sarılması, qısa bir kövrəklik yaşamağımızdan sonra əmin oldum ki, məhz Dilşadın özüdür.

Düşünmədən, təəccüblə sual verdim: qızım sənin nə işin var burda?

- Ata, günlərdir bu soyuq havada burda dayanmış uşaqlardan mənim nə əksiyim var? Birdəki, səni də görmüş oldum. Nəyi pisdir? deyib təkrar boynuma sarıldı.

Ardınca sağollaşaraq uşaqlara qoşulub aksiya yerinə getdi. Bir-neçə dəqiqə sonra səhvimi anladım. Sənin burda nə işin var, sualını verməməliydim. Dilşad, üç övladımın ikincisidir. Bir bacısı bir də qardaşı var. Ailəliklə hər üç övladımızı əlimizdən gəldiyi qədər vətənpərvər ruhda tərbiyələndirib böyütməyə çalışırıq. İndi o sualın heç də yeri yox idi.

Qızım Dilşad cəmi 24 saat orada oldu. Amma, aksiyanın əvvəlindən sonuna qədər olanlar var idi. Üzərindən illər keçdiyinə görə adlarını unutsam da fədakarlıqlarını nə mən, nə digər media nümayəndələri, nə də Vətən unutmayacaq.

Əminəm ki, ordakı uşaqların hamısı birinci dəfə idi ki, ailələrindən uzaq qalırdılar. Buna baxmayaraq, darıxdıqlarını hiss etdirmədən, ara vermədən 24 saat, aksiyalarına davam edərək yüksək səslə şüarlarını səsləndirirdilər.

Bu sözügedən gənclərə güc verən başqa bir nüans da var idi: Polis və Daxili Qoşun əməkdaşları.

Bu iki güc strukturları yüksək diqqət və təmkinliklə ərazidə xidmət aparır, yaşanabiləcək hər-hansı bir insidentə dərhal müdaxilə edəbiləcək vəziyətdə idilər. Bunu da bilib, görən aksiya iştirakçıları daha da ruhlanırdılar.

Qeyd edim ki, əraziyə ezam olunan Fövqəladə Hallar və Səhiyyə Nazirliyi əməkdaşları da var idi ki, onlar da öz üzərlərinə düşən öhdəliyi layiqincə yerinə yetirirdilər.

Axşam düşür, hava daha da soyuyur, çəlləklərdəki quru odunlar daha gur yanmağa başlayırdı. İştirakçılar qarışıq hər kəs bu isti çəlləklərin ətrafına toplaşıb söhbətlər, bir-birimizi tanımağa çalışırdıq.

Bu ortamdan istifadə edərək günün yorğunluğunu çıxarmağa çalışan iştirakçılara   müxbirlərim Ruslan Həsənov və Elnur Tofiq ayrı-ayrılıqda yaxınlaşıb mikrafon uzadaraq fikirlərini öyrənməyə çalışırdılar (bir müddət iki müxbir ilə işlədim).

Müsahibələrimiz çox zaman aksiya ilə əlaqəli olsa da, bəzən elə an yaranırdı ki, mövzudan kənara da çıxa bilirdik. Məsələn, qiraət sevən kimsə şeir səsləndirir, müsiqi sevən kimsə musiqi alətlərində məharətini göstərir, səsinə güvənən kimsə də vətənpərvər ruhlu mahnılar oxuyurdular. Bu da aksiyaya başqa bir ab-hava qataraq əyləncəli anlar yaradırdı.

Operator Elşad Heydərov