31 dekabr 2025 09:00
79

2025-ci ilə qısa siyasi baxış: Tarixi uğurlar, yeni məqsədlər

“Konstitusiya və Suverenlik İli” kimi qeyd etdiyimiz bu il ciddi uğurlarla yadda qaldı

Dünya miqyasında nüfuzlu Lider kimi qəbul olunan Prezident İlham Əliyevin beynəlxalq arenadakı fəaliyyəti Azərbaycanı qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib. Prezident çoxsaylı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradaraq Azərbaycanın mənafeyini beynəlxalq səviyyədə uğurla müdafiə edir. 2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib. Xüsusən də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin liderliyi qlobal həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib. Balanslı və çevik xarici siyasət yürüdən Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Prezident İlham Əliyevin daxili siyasəti isə xalqa xidmət və rifahın artırılması prinsipinə əsaslanır. Hər il olduğu kimi, yola saldığımız 2025-ci il də bir çox mühüm siyasi hadisələrlə yadda qaldı. “Konstitusiya və Suverenlik İli” kimi qeyd etdiyimiz bu il həm də şanlı Zəfərimizin beşinci ili kimi tarixə düşdü.

Tarixi Vaşinqton razılaşması:Sülhə doğru atılan mühüm addım

Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın siyasi həyatında ən mühüm hadisə təbii ki, avqustda reallaşan tarixi Vaşinqton görüşü idi. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə avqustun 8-də Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar. Həmçinin Azərbaycan və Ermənistan sülh sazişi mətninin paraflanmasına da imza atdılar. Bununla da uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsində rəsmən sülh əldə edilmiş oldu. Bu saziş iki ölkə arasında sülh dialoqunun davamlı hal almasına, həmçinin Azərbaycan Prezidentinin Ermənistana qarşı tətbiq olunan tranzit embarqosunu ləğv etməsindən sonra müxtəlif məhsulların Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınmasına şərait yaratdı. Ümumilikdə isə 2025-ci il iki ölkə arasında sülhün əldə olunması istiqamətində ən müsbət və nəticəyönümlü il kimi yadda qaldı. Ölkəmiz üçün iqtisadi sahədə ən mühüm proseslərdən biri Zəngəzur dəhlizi (“Tramp marşrutu”) ilə bağlı ciddi addımların atılması oldu. Vaşinqton görüşü nəticəsində Ermənistan və ABŞ-ın birgə reallaşdıracağı bu dəhliz Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin edəcək. Bununla belə, il ərzində sözügedən istiqamətdə İranla “Araz dəhlizi”nin yaradılması istiqamətində də intensiv işlər aparıldı. Artıq Zəngəzur dəhlizinin Azərbaycan seqmentində işlər son mərhələyə qədəm qoyub.

Xankəndi və Şuşa yeni diplomatik paytaxt statusunda

2025-ci il həm də Xankəndinin və Şuşanın yeni diplomatik mərkəzlər olması ilə yadda qaldı. İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bu Zirvə görüşündə çoxsaylı dövlət və hökumət başçıları iştirak etdi. Azərbaycana səfər edən bir çox dövlət başçıları ilə ikitərəfli müzakirələr və qarşılanma mərasimləri Şuşada reallaşdı. Bu vacib toplantının məhz Xankəndidə keçirilməsi siyasi nöqteyi-nəzərdən əhəmiyyətlidir. Bu, Azərbaycanın qələbəsinin ECO platformasından təqdimatı və ölkəmizin növbəti diplomatik uğuru oldu. Zirvə Görüşündə uğurla həyata keçirilən bərpa quruculuq prosesinə diqqət çəkən dövlət başçımız, həmçinin Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması məsələsini də gündəmə gətirdi. ECO platformasından da bəyan olundu ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Liderlər də bir daha bəyan etdi ki, sülh və inkişafın bünövrəsi iqtisadi əməkdaşlığa söykənir. Bu mənada üzv ölkələrin təşkilat daxilində tərəfdaşlığı zərurətə çevrilib. Qarşıdakı 10 ildə ECO-nun 2035-ci ilə qədər yeni strateji məqsədləri də təşkilat daxilində həmrəyliyin möhkəmlənməsini nəzərdə tutur.

Mərkəzi Asiya+Azərbaycan: Yeni regional format

2025-ci il Türk dünyası üçün də uğurlu oldu. Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Zirvə Görüşündə Prezident İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər. Qəbələ Zirvəsi Azərbaycanın Türk dünyasında artan nüfuzunun və əlaqələrin qurulmasında mühüm körpü olduğunun göstəricisi idi.

2025-ci il ərzində Azərbaycanın qalib dövlət olaraq dünyada artan nüfuzunun daha bir göstəricisi oktyabrın 13-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı oldu. Həmçinin Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında tarixi çıxışı, ardınca oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı da 2025-ci ilin əsas siyasi hadisələri idi.

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü də Azərbaycan üçün mühüm qərarların qəbulu ilə yadda qaldı. Prezident İlham Əliyevin də iştirak etdiyi görüşdə ölkəmiz Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına rəsmən üzv qəbul edildi. Bununla da Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quruldu.

Xatırladaq ki, Azərbaycanın Şərqi Asiya ilə əlaqələri də geniş və çoxşaxəlidir, əsasən iqtisadi, nəqliyyat və mədəni sahələri əhatə edir. Azərbaycan Orta Dəhliz layihəsi ilə tranzit qovşağı rolunu gücləndirir, Çin, Cənubi Koreya, Yaponiya kimi ölkələrlə ticarət, investisiya və mədəni mübadilə aparır, həmçinin iqtisadi inkişaf və təhlükəsizlikdə ortaq maraqları birləşdirir. Avqustun sonlarında Prezident İlham Əliyevin Çinə səfəri, Tiencin şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü də yaddaqalan hadisə oldu. Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirdi.

Hərbi parad ölkəmizin gücünün təsdiqi kimi yadda qaldı

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi. Paradda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak etdilər. Hərbi paradda nümayiş etdirilən texnika və sursatlar Azərbaycan Ordusunun ən müasir formada döyüş təchizatına malik olduğunu, müdafiə sənayemizin isə yeni inkişaf mərhələsinə keçdiyini bütün dünyaya nümayiş etdirdi. Şəxsi heyətin tam formada xüsusi təyinatlı qüvvələrdən, müasir dövrün tələblərinə uyğun olaraq yeni yaradılmış hərbi birləşmələrdən ibarət olması Azərbaycanda ordu quruculuğu prosesinə ən yüksək diqqətin olduğunun təzahürüdür. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların, peşəkar idarəetmənin və milli ruhun bir nəticəsi idi. Parad zamanı nümayiş olunan müasir silah sistemləri, texnoloji dronlar və yüksək hazırlıqlı zabit heyəti ordunun regional və qlobal standartlara cavab verdiyini göstərdi. Beləliklə, paradın nəticəsində aydın oldu ki, Azərbaycan Ordusu yalnız sayı ilə deyil, həm də hərbi keyfiyyət və taktiki hazırlıq baxımından güclü, müasir qüvvəyə çevrilib.

Paradda siyasi mesaj da aydın şəkildə çatdırıldı. Azərbaycanı heç kim hədələyə bilməz! Bu yalnız söz deyil, faktlarla sübut olunmuş real güc göstəricisidir. Bir vaxtlar torpaqlarımızı işğal altında saxlayan qüvvələr artıq regionda rol oynaya bilmir. Ali Baş Komandanın çıxışı göstərdi ki, Azərbaycan regiondakı yeni reallıqların müəyyənləşdiricisidir və öz müstəqil siyasətini həyata keçirir. Tədbirdə qardaş Türkiyə və Pakistan hərbçilərinin iştirakı həm hərbi, həm də diplomatik əhəmiyyət daşıdı. Bu, Azərbaycanın strateji tərəfdaşlıq və regional təhlükəsizlik siyasətindəki rolunu əyani şəkildə nümayiş etdirdi. Qardaş ölkə liderlərinin zəfər paradında iştirakı da onu bəyan etdi ki, Azərbaycan tək deyil və onun arxasında güclü beynəlxalq dəstək dayanır. Nəticə etibarilə hərbi parad təkcə dövlətin hərbi qüdrətinin nümayişi deyil, həm də milli birliyin, xalqın dövlətinə olan inamının və gələcəyə yönəlmiş strateji baxışının təcəssümü oldu.

Beləliklə, 2025-ci ilin siyasi mənzərəsi yola salmağa hazırlaşdığımız ilin Azərbaycan dövləti və xalqı üçün nə dərəcədə uğurlu və yaddaqalan il olduğunu bir daha göstərir. Əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər gələcək illərdə bu uğurların ardıcıl və davamlı olacağının carçısıdır.

Sevinc Azadi, “İki sahil”