31 dekabr 2025 09:21
99

“Konstitusiya və Suverenlik İli” uğurla yekunlaşır

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət müstəqilliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, suverenliyimizin təmin olunması və milli dövlətçiliyin təməl prinsiplərinin təsdiqi baxımından xüsusi siyasi əhəmiyyət kəsb edir. Məhz son beş ildə qazanılmış qələbələr ölkə Konstitusiyasında ərazi bütövlüyü və suverenliklə bağlı bir sıra vacib müddəaların praktik təsir imkanlarını təmin edib.

Konstitusiya hüququnun fundamental anlayışlarından biri suverenlikdir. Dövlət hakimiyyətinin ali, bölünməz və müstəqil olması kimi izah olunan bu anlayış həm siyasi-fəlsəfi, həm də hüquqi səciyyəyə malikdir. Konstitusiya isə suverenliyin hüquqi çərçivəsini müəyyən edən və onun əsas prinsiplərini normativ şəkildə təsbit edən ali hüquqi sənəddir Suverenlik dövlətin varlığını şərtləndirirsə, Konstitusiya onun hüquqi əsaslarını təmin edir. Bu mənada, Konstitusiya və suverenlik anlayışları arasında ayrılmaz bağlılıq və vəhdət mövcuddur. Konstitusiya dövlətin suveren iradəsinin hüquqi ifadəsidirsə, suverenlik Konstitusiyanın işləkliyini təmin edən siyasi reallıqdır. Bu vəhdət Azərbaycanın milli dövlətçiliyini qoruyur, cəmiyyətin inkişafını təmin edir və beynəlxalq münasibətlərdə müstəqil mövqeyini möhkəmləndirir. Konstitusiya dövlət suverenliyinin etibarlı hüquqi təminatçısı olaraq qalır.

Son 30 ildə Konstitusiya yalnız hüquqi norma toplusu kimi çıxış etməyib, həm də Azərbaycan xalqının dövlətçilik ideallarının təcəssümü olmuşdur. Onun müddəaları dövlətin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, insan hüquq və azadlıqlarının təmin olunmasına, eləcə də məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edir. Təəssüf ki, Ermənistanın işğalı və dövlət suverenliyimizin pozulması səbəbindən Konstitusiyada nəzərdə tutulmuş bəzi müddəalar uzun illər ərzində tam şəkildə həyata keçirilə bilməyib. Məsələn, məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının mülkiyyət hüquqları, təhlükəsiz və dinc yaşamaq şəraiti və digər əsas hüquqları pozulmuşdur.

Konstitusiya normalarının bütün ərazilərdə tam şəkildə bərqərar olması yalnız 2023-cü il sentyabrın 20-də, suverenliyimizin bərpasından sonra mümkün olmuşdur. Bununla Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə torpaqlarımızın işğaldan azad edilməsində və suverenliyimizin bərpasında misilsiz rol oynayan sərkərdə kimi deyil, həm də Konstitusiyanın hüquqi qüvvəsini de-yure bütün ərazilərimizdə təmin edən Lider kimi tariximizə öz möhürünü vurmuşdur. Qazanılmış qələbələr, həmçinin Konstitusiyanın ali prinsiplərinin reallıqda təmin olunmasına imkan yaratmışdır.

Son beş ildə əldə olunan zəfərlərin miqyası və əhəmiyyəti daha aydın görünür. Müstəqil Azərbaycan dünya xəritəsində kiçik əraziyə malik olsa da, Prezident İlham Əliyevin liderliyi ölkəmizi beynəlxalq miqyasda nüfuzlu dövlətə çevirib. Müasir dünyada geosiyasi proseslər sürətlə dəyişir və yeni çağırışlar meydana çıxır. Belə mürəkkəb şəraitdə Prezident İlham Əliyev qlobal siyasət ustadı kimi Azərbaycanın maraqlarını bütün beynəlxalq platformalarda qətiyyətlə qoruyur. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan son beş ildə öz mütərəqqi sülh gündəliyini həm Ermənistana, həm də onun havadarlarına qəbul etdirməyə nail olub.

Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, Ermənistanın mövcud konstitusiyası dəyişməz qaldığı müddətdə bu ölkə ilə sülh sazişi imzalamaq mümkün deyil. Hazırda iki ölkə arasında intensivləşən sülh danışıqları və etimad quruculuğu prosesinə mane olan əsas problem Ermənistanın konstitusiyasında və dövlət atributlarında qonşu ölkələrin ərazi bütövlüyünü və suverenliyini təhdid edən müddəa və simvolların mövcudluğudur. Rəsmi Bakı hesab edir ki, sülhün təmin olunması və regionda sabit, təhlükəsiz əməkdaşlıq mühitinin yaradılması üçün keçmişə qayıdış olmamalı, Ermənistandakı müəyyən qüvvələr əsassız revanşist mövqelərdən əl çəkməlidirlər. Regionda davamlı sülhün əsas təminatı münasibətlərin normallaşdırılmasıdır. Azərbaycanın Ermənistan konstitusiyasındakı ərazi iddialarına yol açan müddəaların dəyişdirilməsi ilə bağlı haqlı tələbinin  yaxın zamanlarda icra olunacağı artıq heç bir şübhə doğurmur.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamə Cənubi Qafqazda münaqişə səhifəsini bağlamaq və dayanıqlı sülhü reallığa çevirmək baxımından qətiyyətli addım olub. Bu sənəd yalnız iki ölkə arasındakı uzun illər davam edən gərginliyi aradan qaldırmaqla kifayətlənmir, həm də Ermənistanda ictimai düşüncəni zəhərləyən köhnə ideoloji stereotiplərin və revanşist mövqelərin iflasını göstərir. Bu həmçinin Azərbaycanın hüquqi dövlət prinsiplərinə və insan hüquqlarına verdiyi yüksək önəmin təzahürüdür.

Xüsusi vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdə biri məhz insan hüquq və azadlıqları ilə bağlıdır. Bu da Ümummilli Lider Heydər Əliyevin haqqa və ədalətə sadiq lider olduğunu bir daha təsdiqləyir. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiyada dövlətin unitar quruluşunun birmənalı şəkildə təsbit edilməsi torpaqları işğal altında olan ölkə tərəfindən həm dünyaya, həm də Ermənistana ünvanlanan ciddi və sərt mesaj olmuşdur. Başqa sözlə, Azərbaycan Konstitusiyasına dövlətin unitar quruluşu ilə bağlı müddəa daxil etməklə, ərazisində separatizmin hər hansı formada legitimləşdirilməsinə yol verməyəcəyini nümayiş etdirmişdir.

Azərbaycan Konstitusiyasında hakimiyyətin bölgüsü prinsipləri dəqiq şəkildə əksini tapıb və zamanın tələblərinə uyğun həyata keçirilən məhkəmə-hüquq islahatları üçün fundamental hüquqi zəmin yaradılıb. 1998-ci il 1 dekabr tarixli “Məhkəmələr və hakimlər haqqında” Qanunla ölkədə üçpilləli məhkəmə hakimiyyəti formalaşdırılıb. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş Sovet İttifaqından miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub, Konstitusiya Məhkəməsi təsis edilib. 2000-ci ildən etibarən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyət göstərməyə başlayıb. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında demək olar ki, ilk dəfə Azərbaycanda həbs və digər insan hüquqlarını məhdudlaşdıran prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilib. Həmçinin məhkəmələr üzərində hər hansı nəzarət, o cümlədən prokuror nəzarəti ləğv olunub və demokratik məhkəmə nəzarəti institutu formalaşdırılıb.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ilin oktyabrından inamla davam etdirən və dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə hakimiyyətinin yeniləşdirilməsini hüquqi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi müəyyən edib. Bu strategiyanın nəticəsidir ki, məhkəmələrin müstəqilliyinin gücləndirilməsinə, hakim korpusunun obyektiv və şəffaf şəkildə formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin olunmasına və elektron xidmətlərin genişləndirilməsinə yönələn islahatlar son illərdə daha böyük vüsət alıb.

Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ədliyyə və məhkəmə sistemində yeni mərhələ müəyyən edib, islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə təkan verib. Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Fərmandan irəli gələn vəzifələrin icrası və ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində ardıcıl, sistemli tədbirlər həyata keçirilir. Dövlət başçısı  Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə söykənən siyasətini davam etdirərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib. Bu addım dövlətin vətəndaşa yönəlik siyasətinin, sosial ədalətə və insanpərvərliyə verdiyi önəmin növbəti bariz nümunəsi kimi qiymətləndirilir. Təqdim olunan amnistiya aktının layihəsi geniş sosial əhatəyə malikdir və xüsusilə dövlətçilik maraqları naminə fədakarlıq göstərmiş şəxsləri diqqət mərkəzinə alır.

Layihəyə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilir. Həmçinin bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər də amnistiyanın əhatə dairəsinə daxildir. Bununla yanaşı, amnistiya təşəbbüsü sosial həssas qruplara xüsusi diqqətin göstərildiyini ortaya qoyur.

Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayır ki, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratikləşmə prosesinin sürətləndirilməsi və hüquqi dövlətin möhkəmləndirilməsi yalnız şüar deyil, Azərbaycanın davamlı və hərtərəfli inkişafı üçün strateji şərtdir. Bu baxımdan dövlət baççısının humanizm prinsiplərinə əsaslanan amnistiya təşəbbüsü dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi çıxış edir və cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir.

Şəmsiyyə Əliqızı, “İki sahil”