30 dekabr 2025 13:34
95

Bakı şəhərində 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı olub

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) rəhbərliyinin iştirakı ilə Bakı şəhəri 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

Tədbirdə VK-nın rəhbərliyi ilə yanaşı, vəkillər və büro əməkdaşları iştirak ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimi çərçivəsində qonaqlara yeni ofis təqdim olunub. Bakı şəhəri 1 saylı Vəkil Bürosunun rəhbəri İlqar Bəhrəmiyyə büro barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 225, M3, m2 ünvanda müasir standartlara uyğun şəkildə qurulan ofis vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün zəruri şəraitlə təmin edilib. Ümumi sahəsi 216 kvadratmetr olan büroda geniş və işıqlı vəkil otaqları, konfidensial görüş üçün ayrıca otaq, konfrans zalı, mətbəx, mühasibat otağı və sanitar qovşağı mövcuddur. Otaqlar müasir texniki avadanlıqlar və mebellə təchiz olunub, vəkillərin istirahəti, vətəndaşların qəbulu üçün rahat imkanlar yaradılıb.

Kollegiyanın sədri Anar Bağırov açılış mərasimində yeni büronun fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb və kollektivə uğurlar arzulayıb. Sədr son illər VK tərəfindən həyata keçirilən islahatlardan, vəkillik institutunun inkişafı istiqamətində görülən işlərdən, habelə vəkillərin sayında müşahidə olunan artımdan bəhs edib.

Anar Bağırov vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dekabrın 28-nin Vəkil Günü kimi təsbit edilməsi ölkəmizdə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək dövlət diqqətinin və dəyərin bariz nümunəsidir.

Sədr bildirib ki, hazırda ölkə üzrə fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb və bu qurumların əksəriyyəti beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təmin olunub. Qeyd edilib ki, bu addımlar vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardımla təmin edilməsinə xidmət göstərir.

Eyni zamanda, Anar Bağırov respublika üzrə bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü, kollegiya tərəfindən bu məsələyə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Tədbirin sonunda büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib. İclas zamanı vəkillərin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları məsələlər və onların təklifləri dinlənilib, VK-nın Rəyasət Heyəti tərəfindən son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, həmçinin vəkilləri maraqlandıran suallar ətraflı cavablandırılıb.