30 dekabr 2025 10:06
135

Dünya azərbaycanlıları vahid milli məfkurə ətrafında sıx birləşiblər

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın zəngin tarixi yaddaşının və milli həmrəyliyinin təntənəsidir. Bu əlamətdar gün əsrlər boyu müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi bağlılığını, milli şüurun gücünü və gələcəyə yönəlmiş iradəsini ifadə edən mühüm ictimai-siyasi hadisə kimi dəyərləndirilir. Həmrəylik anlayışı həmin kontekstdə ortaq dəyərlər ətrafında birləşmək kimi fundamental məqamları özündə ehtiva edir. Məhz bu dəyərlərin sistemli şəkildə formalaşdırılması və qorunması müstəqillik dövründə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev milli həmrəyliyin tarixi və ideoloji əsaslarını düzgün qiymətləndirərək bu anlayışı dövlətçilik fəlsəfəsinin ayrılmaz tərkib hissəsi kimi müəyyənləşdirmişdir. Ulu Öndərin uzaqgörən siyasi baxışları milli birliyin uzunmüddətli strateji yanaşma tələb edən dövlət siyasəti olduğunu ortaya qoymuşdur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qəbul olunan qərarla 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul edilməsi üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmişdir. Dekabrın 25-də Ali Sovetin Milli Şurası tərəfindən qəbul olunan qərara əsasən, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun təsdiqlənmiş və bütün azərbaycanlılar rəsmən həmin günü bayram kimi qeyd edir. Qısa müddət ərzində sözügedən təşəbbüs ümumxalq məzmunu qazanaraq bütün dünyada yaşayan soydaşlarımız üçün ortaq mənəvi platformaya çevrilmiş və milli ideyanın ifadəsi kimi formalaşmışdır.

Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Diasporun təşkilatlanması Ümummilli Liderin siyasi kursunda strateji vəzifə kimi dəyərləndirilmiş, bu sahədə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Xarici səfərləri zamanı soydaşlarımızla keçirdiyi görüşlər, onların problemləri ilə yaxından maraqlanması və verdiyi tövsiyələr milli kimliyə bağlılığın ideoloji dayaqlarını daha da möhkəmləndirmişdir. Heydər Əliyevin milli qüruru ifadə edən fikirləri bu gün də xalqımız üçün mənəvi istinad nöqtəsi olaraq qalır.

Bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi, diaspor fəaliyyətinin daha koordinasiyalı və məqsədyönlü şəkildə təşkili, beynəlxalq informasiya müstəvisində vahid mövqenin formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlətimizin başçısının təşəbbüsü ilə qəbul edilən qərarlar diaspor quruculuğunda keyfiyyətcə yeni mərhələ yaradaraq dünya azərbaycanlılarının imkanlarını və təsir gücünü əhəmiyyətli dərəcədə artırmışdır. Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında qeyd etmişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!”.

Xüsusilə Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik milli iradənin real gücə çevrildiyini bütün dünyaya göstərib. Xaricdə yaşayan soydaşlarımızın keçirdiyi etiraz aksiyaları, informasiya mübarizəsində göstərdikləri fəallıq və haqlı mövqeyimizin müdafiəsi tarixi Zəfərin mühüm mənəvi dayaqlarından biri olub. Bu dövrdə milli ruhun sarsılmazlığı və ideoloji bütövlük aydın şəkildə üzə çıxıb və xalqın tarixi sınaqlardan birlik içində çıxmaq qabiliyyətini təsdiqləyib.

2022-ci il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) milli həmrəyliyin yeni mərhələsinin başlanğıcı kimi tarixə düşüb. Qurultay postmünaqişə dövrünün reallıqları fonunda dünya azərbaycanlılarının qarşısında duran yeni vəzifələri müəyyənləşdirib. Bu amillər göstərir ki, milli birlik artıq yalnız tarixi yaddaşa söykənən dəyər deyil, gələcəyə yönəlmiş strateji resurs kimi çıxış edir. Həmin toplantı milli ideyanın qalibiyyət rəmzi üzərində yeni məzmun qazanmasının parlaq nümunəsi olub.

Bu gün qarşıda duran yeni reallıqlar və qlobal çağırışlar milli həmrəyliyin qorunmasını daha da aktual edir. Beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirən Azərbaycan üçün dünya azərbaycanlılarının fəal mövqeyi mühüm əhəmiyyət daşıyır. Məhz bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bayram deyil, milli məsuliyyət hissini gücləndirən, gələcəyə inamı möhkəmləndirən və ortaq hədəflərə çağırış edən mühüm ideoloji faktordur.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı