Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Kəngərli kəndində 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhid Mənsimli İntiqam İlyas oğlunun ailəsini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və şəhid ailələrinin üzvləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, onun xatirəsi ehtiramla yad olunub. Anar Məmmədov şəhid ailələrinə dövlət qayğısının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Mənsimli İntiqam İlyas oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Doğulub boya-başa çatdığı kənddə şəhidin adı əbədiləşdirilərək adına bulaq inşa edilib.