26 dekabr 2025 23:14
110

Yeni Amnistiya aktı: Dövlət başçısının növbəti humanist təşəbbüsü

Politoloq: Amnistiya aktının hüquqi və mənəvi təsirləri cəmiyyətin birliyini və dövlətə inamı daha da gücləndirəcək

Azərbaycan Respublikasında növbəti Amnistiya aktının elan olunması haqqında qərarın qəbul edilməsi ölkənin hüquqi və ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən bu qərar dövlətin humanizm prinsiplərinə sadiqliyini, hüquqi islahatların davamlı xarakter daşıdığını və cəza siyasətində balanslı yanaşmanın tətbiq olunduğunu göstərir.

Qeyd olunmalıdır ki, Amnistiya aktı Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyi, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunduğu yeni tarixi mərhələdə qəbul edilib. Bu amil qərarın yalnız hüquqi deyil, eyni zamanda, siyasi və sosial baxımdan da xüsusi əhəmiyyət daşımasını şərtləndirir. Dövlətin hüquqi təsisatlarının vahid məkan üzrə fəaliyyəti, qanunun aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sisteminin effektivliyinin artırılması bu qərarın qəbul edildiyi kontekstin əsas xüsusiyyətləri sırasında yer alır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, insan amili dövlət siyasətinin mərkəzində dayanır. Məhz bu prinsip əsasında irəli sürülmüş amnistiya təşəbbüsü insan ləyaqətinə hörmətin, sosial məsuliyyətin və dövlət-vətəndaş münasibətlərində etimadın bariz təzahürüdür. Eyni zamanda, bu qərar cəzadan azadetmənin tərbiyəvi və profilaktik əhəmiyyətinə, amnistiya əhatəsinə düşən şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq sosial-iqtisadi həyata fəal qoşulacağına və ölkəmizin davamlı inkişafına töhfə verəcəklərinə olan inamın ifadəsidir.

Amnistiya aktı, eyni zamanda, cəmiyyətin sosial rifahının qorunması, reinteqrasiya proseslərinin təşviqi, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sosial adaptasiyasının dəstəklənməsi baxımından da önəmli mexanizm kimi çıxış edir. Qərar dövlətin insan hüquqlarının təmininə, sosial ədalətin möhkəmləndirilməsinə və ictimai sabitliyin qorunmasına yönəlmiş siyasətinin tərkib hissəsi olaraq diqqət çəkir.

Siyasi şərhçi İlyas Hüseynov “İki sahil”ə açıqlamasında qeyd edib ki, Amnistiya aktının qəbul edilməsinin çox böyük  nəticələri olacağını ehtimal edirəm: “Zənnimcə, bu qərar cəmiyyətdə dövlət-vətəndaş münasibətlərinin  daha da möhkəmlənməsinə və inkişaf etməsinə xidmət edəcək. Cəmiyyətin sosial-psixoloji mühitinə mütləq surətdə təsir edəcək və mühüm nəticələrə gətirib çıxaracaq. Digər tərəfdən, bu, həm də dövlət başçısı cənab İlham Əliyevin humanist dəyərlərdən çıxış etməsinin təzahürüdür. Xüsusilə vurğulamaq lazımdır ki, cənab Prezident tərəfindən bu il “Konstitusiya və Suverenlik İli” elan olunmuşdu və bu xüsusda hüquqi dövlət quruculuğunun inkişafı daha da yeni nəticələrin formalaşması və bunun ictimai rəyə təsiri baxımından da bu Amnistiya aktının nəzərdən keçirmək olar.”

İ.Hüseynov vurğulayıb ki, artıq aktın icrası zamanı biz çoxsaylı ailələrin sevindiyini, gözü yolda olan insanların Yeni il ərəfəsində ailələrinə qovuşduğunun şahidi oluruq: “Hesab edirəm ki, ölkənin ictimai-siyasi həyatında bu cür hadisələr həm də xalqımızı daha da bir birinə bağlayan amildir. Bu da onu göstərir ki, belə qərarlar yalnız hüquqi deyil, eyni zamanda, ciddi ictimai-siyasi əhəmiyyət daşıyır. Ümid edirik ki, Amnistiya aktının icrası zamanı azadlığa buraxılan şəxslər bir daha qanundan kənar törətdikləri hərəkətlərə yol verməyəcək, cəmiyyətə yararlı vətəndaşlar kimi fəaliyyət göstərəcəklər. Amnistiya aktının hüquqi və mənəvi təsirləri cəmiyyətin birliyini və dövlətə inamı daha da gücləndirəcək.  Nəticə etibarilə, hesab edirəm ki, 2025-ci ilin yekunları qiymətləndirilərkən mütləq surətdə Amnistiya aktının qəbulu ölkənin siyasi gündəmində mühüm hadisələrdən biri kimi dəyərləndirilməlidir.”

Orxan Vahidoğlu, “İki sahil”