Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vətənə sonsuz məhəbbət və milli-mənəvi dəyərlərimizə dərin hörmət hisslərini özündə təcəssüm etdirən tarixi bir gündür. Bu bayram dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı vahid məqsəd və Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən mənəvi körpüdür.
Dünya azərbaycanlılarının həmrəyliyini və onların mütəşəkkil qüvvə kimi təşkilatlanması prosesini daim dövlət siyasətinin prioritet istiqaməti kimi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev bu günü təsis etməklə xalqımızın gələcək taleyində dönüş nöqtəsi yaratmışdır. Ümummilli Liderin uzaqgörənliyi sayəsində pərakəndə halda olan diaspor fəaliyyəti sistemli xarakter almış, xalqın ideoloji birliyi və milli həmrəyliyi sarsılmaz təməllər üzərində qurulmuşdur.
Məhz bu ideoloji təməl və illər boyu formalaşan sarsılmaz birlik ruhu, müasir dövrümüzdə Azərbaycanın qazandığı tarixi zəfərlərin, dövlət və xalq sarsılmazlığının ən böyük təminatçısına çevrilmişdir.
Bu gün hər bir soydaşımız qürurla qeyd edir ki, milli həmrəylik bizim ən böyük gücümüz, gələcək uğurlarımızın isə əsas rəhnidir. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə yalnız xalqın birləşməsinə deyil, həm də ideoloji həmrəyliyinin möhkəmlənməsinə nail olmuşdur. Bu mühüm strateji xəttin tərkib hissəsi olaraq, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Həmin qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdəki azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına həlledici təsir göstərmişdir. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndər Heydər Əliyevin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Beləliklə, diaspor siyasəti yalnız xaricdə yaşayan həmvətənlərimizi birləşdirmir, eyni zamanda, Azərbaycanın dövlət maraqlarının qorunması, beynəlxalq nüfuzunun artırılması və milli həmrəyliyimizin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Müasir tariximizin şərəf və qürur mənbəyinə çevrilən İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Beləliklə, xalqımızın 30 illik doğma yurd, el-oba və torpaq həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, dünyada yaşayan 50 milyon azərbaycanlının üçrəngli, ay-ulduzlu Bayrağımız altında bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu və qələbə əzmimizi yüksəltdi. Prezident İlham Əliyevin sərkərdəliyi ilə tariximizin ən şanlı Zəfər səhifəsi yazıldı. 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu Qələbənin məhz birliyimiz hesabına əldə olunmasını xüsusi vurğulayaraq dedi: «Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!»
Azərbaycan diasporunun təşkilatlanması və dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsinin gücləndirilməsi baxımından mühüm hadisələrdən biri olan Dünya Azərbaycanlılarının V qurultayı - Zəfər Qurultayı Şuşada keçirildi. Bu tədbir 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk qurultaydan sonra davam edən ənənənin məntiqi nəticəsi olaraq, diasporun fəaliyyətinin sistemləşdirilməsi, həmvətənlərimizin birliyi və mədəni irsimizin dünyada təbliği məqsədilə təşkil olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən bu qurultay iştirakçıların fəallığını artırmaqla yanaşı, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə daha geniş yayılmasına da xidmət edir. Bu qurultay həm milli birliyin, həm də Azərbaycanın tarixi torpaqları ilə bağlı qətiyyətli mövqeyin nümayiş olunduğu əlamətdar tədbir kimi diqqət çəkir. Müzəffər Ali Baş Komandan 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı çıxışında bildirmişdir: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.”
Göründüyü kimi, soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Müstəqil dövlətimizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyinin, ölkəmiz haqqında həqiqətlərin xarici ölkələrdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak etdilər. Bu, əslində, Ulu Öndərin əsasını yaratdığı, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən dünya azərbaycanlılarının birliyinin milli maraqlar ətrafında birləşməsinin məntiqi nəticəsidir.
Şəmsiyyə Əliqızı, “İki sahil”