26 dekabr 2025 14:33
115

“SOCAR Enerji Məktəbi” çərçivəsində Fatih Birolla görüş keçirilib

Tədbirdə qlobal enerji vəziyyəti, enerji transformasiyası prosesləri və gələcək perspektivlər müzakirə olunub

Enerji sahəsi üzrə iştirakçıların bilik və təsəvvürlərinin genişləndirilməsini hədəfləyən “SOCAR Enerji Məktəbi” (SOCAR Energy School) çərçivəsində beynəlxalq enerji gündəminə təsir göstərən aparıcı simalardan biri – Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol xüsusi tədbirdə iştirak edib.

Vadistanbul ofisində təşkil olunan proqram çərçivəsində “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadovun “Master Class” formatında təqdimatı ilə başlayıb. Çıxış zamanı Elçin İbadov enerji sektorunda qlobal dəyişikliklər, enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və şirkətlərin bu proseslərdə rolu ilə bağlı məsələlərə toxunub.

Daha sonra doktor Fatih Birol SOCAR Energy Schoolun iştirakçıları ilə görüşərək qlobal enerji bazarlarında mövcud vəziyyət, enerji transformasiyası proseslərinin əsas istiqamətləri, bərpa olunan enerji mənbələrinin artan rolu, enerji tələbatının dinamikası və uzunmüddətli perspektivlər barədə ətraflı qiymətləndirmələrini bölüşüb. O, həmçinin iqlim dəyişiklikləri ilə mübarizə, enerji səmərəliliyinin artırılması və beynəlxalq əməkdaşlığın əhəmiyyəti ilə bağlı fikirlərini səsləndirib, iştirakçıların suallarını cavablandırıb.

Akademik mühitlə iş dünyasını bir araya gətirən bu tədbir enerji sektoru üzrə bilik mübadiləsinin aparılmasına və iştirakçılar arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə şərait yaradıb.

Orxan Vahidoğlu, “İki sahil”