23 dekabr 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İçərişəhər və Qala qoruqları ərazisində mədəni irsin mühafizəsi, bərpası və təbliği istiqamətində 2025-ci il ərzində görülmüş işlərin təqdimatına eləcə də gələcək planlarına dair mətbuat konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə idarə rəsmiləri, İçərişəhər sakinləri, media təmsilçiləri və inflyuenserlər iştirak edirdi.
Mətbuat konfransı çərçivəsində əvvəlcə il ərzində həyata keçirilən layihə və fəaliyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud 2025-ci ildə görülmüş işlər barədə ətraflı məlumat verib. O bildirib ki, həyata keçirilən fəaliyyətlərin əsas məqsədi yalnız infrastrukturun yenilənməsi deyil, eyni zamanda idarəetmə mədəniyyətinin müasirləşdirilməsi və dayanıqlı inkişaf modelinin formalaşdırılmasıdır. Rüfət Mahmud qeyd edib ki, il ərzində bütün işlər əvvəlcədən müəyyənləşdirilmiş strateji çərçivə və sistemli fəaliyyət planı əsasında ardıcıl şəkildə icra olunub. Bu yanaşma resurslardan səmərəli istifadə olunmasına və uzunmüddətli nəticələrin əldə edilməsinə imkan yaradıb. Onun sözlərinə görə, idarəetmədə institusional islahatlar aparılıb, struktur optimallaşdırılıb, daha çevik və şəffaf idarəetmə mexanizmləri tətbiq olunub. Maliyyə intizamı gücləndirilib, əməkdaşların peşəkar bacarıqlarının artırılması məqsədilə təlim və inkişaf proqramlarına start verilib. Eyni zamanda daxili proseslərin standartlaşdırılması genişləndirilib, əmək şəraitinin yaxşılaşdırılması üzrə təminat mexanizmləri optimallaşdırılıb.
Qoruq ərazisində aparılan fiziki bərpa və abadlıq işlərinə toxunan sədr bildirib ki, İçərişəhərdə, eləcə də Neftçilər prospekti boyunca yerləşən fasad və balkonlar mərhələli şəkildə təmir olunub, tarixi görünüşə uyğun olmayan elementlər sökülüb. O, həmçinin qeyd edib ki, İçərişəhərin giriş hissələrində — Neftçilər prospekti istiqamətindəki əsas girişdə və Qoşa Qala qapısı ətrafında köşklərin sökülməsi həyata keçirilib. Bu addım ərazidə daha açıq, estetik və funksional ictimai məkanın formalaşdırılmasına xidmət edib.
Piyada hərəkətinin təşkili və fiziki əlçatanlığın təmin olunması istiqamətində də mühüm addımlar atılıb. Görülən tədbirlər xüsusilə hərəkət imkanları məhdud olan şəxslərin İçərişəhər ərazisində daha rahat və təhlükəsiz hərəkət etməsinə şərait yaradıb. Neftçilər prospekti istiqamətində nəqliyyat və piyada axınının daha səmərəli təşkili üçün əlavə tədbirlər görülüb.
Daxili ərazilərdə aparılan işlər çərçivəsində Ə.Əliyev küçəsi, Neftçilər prospekti və V.Məmmədov küçələri boyunca 213 qəzalı eyvan təmir edilib, 15 yararsız taxta və plastik eyvan tarix-memarlıq görünüşünə uyğun bərpa edilib. Bununla yanaşı, 28 yaşayış evində cari təmir işləri aparılıb, 1.364 m2 sahədə küçə daş döşəmələrinin təmir və bərpa işləri aparılıb.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak çıxış edərək inkişaf konsepsiyası, İcma və Xidmət Mərkəzlərinin fəaliyyəti, eləcə də turizm və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və qarşıdakı dövr üçün prioritetlər barədə məlumat verib. Turizm sektorunda gəlir potensialının gücləndirilməsi, vahid tarif sistemi, dövlət-özəl tərəfdaşlığı, nağdsız dövriyyənin artırılması İdarənin iqtisadi inkişafı üçün müəyyən edilən hədəflər, eyni zamanda, İçərişəhərin büdcədənkənar gəlirlərini artıran və 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi barədə ətraflı məlumat verib.
İdarə Heyətinin üzvü Aytac Əlisultanlı çıxışında “Ağıllı qoruq inkişaf strategiyası”nın əsas mahiyyətinin tarixi məkana müdaxilə deyil, mədəni irsin mühafizəsi və idarə olunmasında müasir yanaşmaların tətbiqi olduğunu vurğulayıb. O qeyd edib ki, İçərişəhər son iki əsr ərzində müxtəlif idarəetmə modellərinə şahidlik edib və 2000-ci ildə Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən ilk məkan olub. A.Əlisultanlı əlavə edib ki, 2025-ci ildən etibarən İçərişəhər yeni dövrün çağırışları ilə üz-üzədir və “ağıllı şəhər” anlayışı tarixi məkanda dəyişiklik deyil, irsin qorunmasında müasir texnologiyaların və idarəetmə yanaşmalarının tətbiqini nəzərdə tutur.
Daha sonra Qoruq İdarəsinin rəqəmsallaşdırma sektorunun müdiri Rəsul Çopurov yeni veb-sayt və mobil tətbiq, eləcə də nəqliyyat və kadastr sahəsində həyata keçirilən rəqəmsal layihələr barədə təqdimatla çıxış edib.
Mətbuat konfransı iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avaz-da nümayiş ediləcək
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq