25 dekabr 2025 11:03
189

Şəhərsalma və memarlığın strateji rol oynadığını təsdiqləyən Sərəncam

Milli Məclisin deputatı: Azərbaycan zəngin və çoxşaxəli memarlıq ənənələrinə malik ölkədir

Bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılmasına, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsinə xidmət edir. 

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamı müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının mühüm tərkib hissəsidir: “Bu qərar şəhərsalma və memarlıq sahəsinin təkcə texniki deyil, həm də mədəni, sosial və ideoloji əhəmiyyət daşıdığını göstərir”.

Milli Məclisin deputatının fikrincə, Azərbaycan memarlığının formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur: “O, hələ Sovet dövründə ölkəyə rəhbərlik etdiyi illərdə memarlıq və şəhərsalma sahəsinə sistemli yanaşma tətbiq etmiş, milli memarlıq irsinin qorunmasını dövlət siyasətinin prioritetlərindən birinə çevirmişdir. Ümummilli Liderin təşəbbüsü və siyasi iradəsi nəticəsində şəhərlərin planlaşdırılması, yeni yaşayış massivlərinin salınması, tarixi və memarlıq abidələrinin mühafizəsi istiqamətində mühüm addımlar atılmışdır.

1981-ci ildə qəbul edilən “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması haqqında” qərar bu sahədə hüquqi və institusional əsasların möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb etmişdir. Bu sənəd milli memarlıq irsinin qorunması ilə müasir tikinti prinsiplərinin uzlaşdırılmasına imkan yaratmışdır”.

Müsahibimiz daha sonra bildirdi ki, Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:  ”Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri şəhərsalmanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bakı şəhərində, regionlarda, eləcə də ən ucqar yaşayış məntəqələrində reallaşdırılan layihələr urbanistik düşüncənin müasir tələblərə uyğun şəkildə inkişaf etdiyini sübut edir.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycan şəhərsalma modelinin innovativ xarakterini aydın şəkildə ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları memarlığın insan mərkəzli, təhlükəsiz, ekoloji və funksional mühitin yaradılmasına xidmət etdiyini göstərir.

Onu da qeyd edim ki, Azərbaycan zəngin və çoxşaxəli memarlıq ənənələrinə malik ölkədir. Müxtəlif bölgələrdə formalaşmış memarlıq məktəbləri xalqımızın dünyagörüşünü, estetik zövqünü və həyat tərzini əks etdirir. Müasir dövrdə bu irsi qorumaqla yanaşı, onu yeni texnologiyalar və ekoloji çağırışlarla uzlaşdırmaq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

“Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi bu sahədə peşəkar mühitin gücləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və milli memarlıq düşüncəsinin dünyada tanıdılmasına geniş imkanlar açacaq. Eyni zamanda, bu təşəbbüs şəhərsalma prosesində ictimai məsuliyyətin artırılmasına, yaşayış mühitinə hörmətin formalaşdırılmasına, tarixi binaların qorunmasına və ictimai məkanlardan düzgün istifadəyə xüsusi önəm verildiyini göstərir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, maddi mədəni irsə və müasir inkişaf prinsiplərinə olan dərin bağlılığının təzahürüdür. Bu qərar şəhərsalma və memarlığın ölkənin gələcək inkişafında strateji rol oynadığını bir daha təsdiqləyir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”