25 dekabr 2025 10:01
311

Milli həmrəylik: Birlikdən doğan güc

31 dekabr tarix dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi Vətənlə döyünən çoxmilyonlu Azərbaycan xalqının bütövlüyünün simvolik şəkildə reallaşdığı gündür

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İşləmək, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var. Beləliklə də azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. 1991-ci ilin 16 dekabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməklə həmrəyliyin hüquqi və siyasi təsdiqini reallaşdırdı. Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlıların vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu. 1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə Azərbaycan Prezidentinin Fərmanı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi bayram elan edildi.

31 dekabr Azərbaycan millətinin birlik şüarının simvoludur. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsində güclü diaspor təşkilatının formalaşdırılmasına və onların Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında dediyi: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!",- dahiyanə fikirləri hər gün daha çox önəm daşıyır. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Tədbirdə 36 xarici ölkədə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən artıq təşkilatın 406 nümayəndəsi və 63 qonaq iştirak edirdi.

Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla iş üzrə Dövlət Komitəsi) yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü işlər aparılmışdır. Diasporla İş üzrə Dövlət komitəsi Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycanlıların həmrəyliyi, birliyi yönümündə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz səmərəsini verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük təsir gücünə malik bir qüvvəyə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir. “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir.” Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin sözügedən məsələdə necə qərarlı olduğunu sübut edir.

44 günlük Vətən müharibəsi də Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda mübarizədə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Bu savaş zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Müharibə dövründə xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Təsadüfi deyil ki, 2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi səciyyləndirilir.

Bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik ölkəmizi, xalqımızı yeni-yeni qələbələrə aparacaq!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğur, gündən-günə çiçəklənən Azərbaycan dövləti ətrafında bundan sonra da sıx birləşməyi arzulayırıq.

Sevinc Azadi, “İki sahil”