24 dekabr 2025 13:42
101

Bakıda dövlət-din münasibətlərinin Azərbaycan modeli müzakirə olunub

Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri" mövzusunda panel müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, iştirakçılar qarşılıqlı hörmət, bərabərlik və bir-birinin fəaliyyətinə müdaxilə etməmək kimi prinsiplərə əsaslanan Azərbaycannın dövlət-din münasibətləri modelini müzakirə ediblər.

Çıxış edənlər Azərbaycanın müxtəlif din və mədəniyyətlərin dinc yanaşı yaşaması sahəsindəki təcrübəsinin çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlər üçün uğurlu nümunə kimi qəbul edildiyini vurğulayıblar.

Müzakirə zamanı, həmçinin mədəni irsin qorunması, o cümlədən dini obyektlərin dövlət tərəfindən qorunan abidələr siyahısına daxil edilməsi məsələlərinə toxunulub.

Panelin moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov olub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Azərbaycandakı maddi və qeyri-maddi mədəni irs nümunələri dövlət tərəfindən qorunduğunu və beynəlxalq səviyyədə təbliğ olunur.

Özbəkistan Din İşləri Komitəsi sədrinin birinci müavini Davronbek Maxsudov bildirib ki, Azərbaycan və Özbəkistanı dövlət-din münasibətlərinə oxşar yanaşmalar birləşdirir. Onun sözlərinə görə, hər ikisi dünyəvi dövlətdir, ənənələrə, xüsusilə xalqların dini adət-ənənələrinə hörmətlə yanaşırlar.

Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev vurğulayıb ki, Azərbaycan dini və mədəni müxtəlifliyin harmoniyasını qoruyub saxlaya bilmiş azsaylı ölkələrdən biridir. O əlavə edib ki, dağ yəhudiləri üçün Azərbaycandan daha yaxşı vətən yoxdur və ölkədə yaşayan bütün xalqlar Azərbaycan torpağının övladlarıdır.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elnur Əzimli çıxışında multikulturalizmin tarixi və onun İslam ənənəsindəki yeri məsələsinə toxunub.