02 oktyabr 2026 16:30
90

Peşə təhsili tələbələri Kimya İnstitunda fiziki-kimyəvi analiz metodlarının tətbiqini izləyiblər

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Laborant-mikrobioloq” ixtisası üzrə III kurs tələbələri Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Fiziki-Kimyəvi Analiz Mərkəzində olublar.

“İki sahil” xəbər verir ki, Tanışlıq zamanı tələbələrə fiziki-kimyəvi tədqiqat metodları haqqında ətraflı məlumat verilib. Kimya üzrə fəlsəfə doktoru, dosent Mirheydər Abbasov fiziki-kimyəvi tədqiqat metodlarının ümumi mahiyyəti, tətbiq sahələri və laboratoriyada istifadə olunan müasir cihazların iş prinsipləri barədə məlumatlandırıb. Daha sonra mərkəzin böyük laborantı Səidə Rzayeva tərəfindən tələbələrə infraqırmızı spektrometr cihazının iş prinsipi nümayiş etdirilib. Tələbələr cihaz vasitəsilə iki nümunənin spektral analizi ilə tanış olub, nümunələrin tərkibindəki funksional qrupların təyin edilmə prosesini müşahidə ediblər. Həmçinin, ultrabənövşəyi spektrometr vasitəsilə məhlul halında olan nümunələrin dalğa uzunluqlarının təyin edilməsi prosesi nümayiş etdirilib.

Görüş zamanı tələbələr müasir laboratoriya avadanlıqları ilə yaxından tanış olub, fiziki-kimyəvi analiz metodlarının tətbiqini əyani şəkildə izləyiblər.