24 dekabr 2025 00:15
92

Şəxsi mənfəətlərini güdənlər

Avqustun 8-də Ağ Evdə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, həmçinin "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişinin müvəqqəti dayandırılması, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi Amerikanın bəzi konqresmenlərini narahat etməkdədir. Görünür, bütün bunlar onların maraqlarına, daha doğrusu, şəxsi mənfəətlərinə cavab vermir.  Elə Qas Bilirakisdən və Frenk Pellonedən ibarət qrupun “Ermənistan Təhlükəsizlik Tərəfdaşlığı Aktı” adlı qanunvericilik təşəbbüsü irəli sürməsi də bunu bir daha sübut edir. Həmin təşəbbüs ABŞ-ın Azərbaycana yardımını bloklamağı, “erməni əsir və girovların” azadlığa çıxmalarına nail olmağı, Qarabağ ermənilərinin geri dönüşünü dəstəkləməyi, “İrəvana qarşı fəaliyyətinə görə” ölkəmizin məsuliyyətə cəlb edilməsini hədəf seçir. Hətta onlar Pentaqon qarşısında İrəvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstək tələbini də qaldırırlar.

Göründüyü kimi, qanunvericilik təşəbbüsündə yer alan məsələlərdən biri də “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişlə bağlıdır.  Yeri gəlmişkən, bu günlərdə Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulina Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsini ABŞ Konqresinə təqdim edib. Onun fikrincə, belə bir addımın atılması Azərbaycan-ABŞ münasibətlərinin inkişafına yeni təkan verə bilər. 

 Luna Anna Paulinadan bir qədər əvvəl, daha doğrusu, noyabr ayında isə ABŞ Müharibə Nazirliyinin (Pentaqon) “Stars and Stripes” nəşri Ermənistan və Azərbaycan arasında 30 illik düşmənçiliyə faktiki olaraq son qoyulduğunu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlərin artıq normal olduğunu əsas gətirərək Konqresi Azərbaycan əleyhinə olan 907-ci düzəlişi tamamilə ləğv etməyə çağırmışdı. Görünür,  bu məsələ Amerikadakı erməni lobbi və diaspor təşkilatlarını əndişələndirib. Odur ki, onlar ələ aldıqları adlarını çəkdiyimiz konqresmenlər tərəfindən bu məsələni də yenidən gündəmə gətiriblər.

Xatırladaq ki, ölkəmizdə onların bildirdiklər kimi “erməni əsir və girovları” yoxdur. Bakıda hazırda məhkəmə qarşısında cavab verənlər separatçı xunta rejimin liderləridir ki,  onlar Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə cinayətlərdə ittiham olunurlar. Bu mənada onların "erməni əsirləri" adlandırılması absurddur. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan erməni hərbi əsirlərini döyüş əməliyyatları başa çatan kimi Ermənistana təhvil verib. O ki qaldı Qarabağı tərk edən ermənilərin qayıdışına. Bir daha bildirək ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədən köçmələri könüllü olub. Ermənistanın təhlükəsizliyini gücləndirməsinə gəldikdə,  əlahəzrət faktlar göstərir ki, təcavüzkar ölkə üçün Azərbaycan tərəfindən heç bir təhlükə yoxdur. Bu ölkənin inkişafının yolu isə ancaq və ancaq sülh müqaviləsini imzalamaqdan keçir.

Bütün bunlar isə bir daha göstərir ki, bəzi ABŞ qanunvericiləri erməni lobbisinin təhriki ilə regional sülhə mane olur, yeni reallığı qəbul etməkdən imtina edir və bölgəni keçmişə sürükləməyə çalışırlar. Şübhəsiz, bu, hər şeydən əvvəl anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən, dezinformasiyalara əsaslanan, erməni diasporunun təsiri altında olan konqresmenlərin iç üzünün bir daha nümayişidir. Halbuki bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasəti nətəsində Cənubi Qafqazda de-fakto sülh bərqərar olub. Artıq iki ölkə sülhün imzalanmasına doğru addım-addım irəliləyir.

Elə etimad quruculuğu istiqamətində praqmatik addımların atılması, iki ölkənin vətəndaş cəmiyyətlərinin heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər etmələri, Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasını və s. buna misal göstərmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”