23 dekabr 2025 09:02
194

Hər gün kitab oxusaq...

Kitab oxumaq yalnız zövqlü fəaliyyətlərdən biri olmaqla kifayətlənmir, eyni zamanda, həm zehni, həm də fiziki sağlamlığa çoxsaylı faydalar verir. "Verywellhealth" saytı elmi araşdırmalara əsaslanaraq hər gün kitab oxumağın 6 əsas faydasını təqdim edib. Həmin faydalar bunlardır:

Uzunömürlülüyə töhfə verir

ABŞ-ın Yale Universitetində aparılan araşdırmaya görə, bədii ədəbiyyat oxumaq təxəyyülü stimullaşdırır. Bu isə beynin aktiv fəaliyyətdə qalmasına kömək edir və uzunömürlü yaşamağı təmin edir.

Yaş artdıqca zehni geriləməni ləngidir

Araşdırmalar göstərir ki, müntəzəm kitab oxuyan insanlar oxumayanlarla müqayisədə yaşlandıqca zehni qabiliyyətlərini daha yaxşı qoruyurlar. Yaddaş itkisi və düşünmə bacarıqlarındakı zəifləmə daha az müşahidə olunur.

Stresi azaldır

Oxumaq gündəlik həyatın stresindən uzaqlaşmaq və zehni rahatlatmaq üçün sağlam üsuldur. Şüurlu davranışı, nikbinliyi, xoşbəxtliyi və digər müsbət emosiyaları artırır.

Zəkanı inkişaf etdirir

Kitab oxumaq beyin üçün bir növ məşq kimidir. Beyni nə qədər çox istifadə etsəniz, bir o qədər səmərəli işləyər. Kitab ocumaq məlumat tutumunu, bilik qabiliyyərini artırır. Araşdırmalara görə, uşaqlıq dövründə oxu bacarığı nə qədər güclü olarsa, zəkanın inkişaf etmək ehtimalı da bir o qədər yüksək olur.

Sosial bacarıqları gücləndirir

Tədqiqatlar göstərir ki, tez-tez kitab oxuyan şəxslər oxumayanlara nisbətən daha güclü sosial və davranış bacarıqlarına malikdirlər. Oxumaq başqalarının nə düşündüyünü və nə hiss etdiyini anlamağa imkan yaradır, özgüvəni və ünsiyyətcilliyi artırır.

Rahat yuxu təmin edir

Yuxuya getməyi asanlaşdırır, yuxunun keyfiyyətini artırır və yuxu müddətini yaxşılaşdırır.

Şahnigar Əhmədova, "İki sahil"