22 dekabr 2025 11:13
87

Azərbaycanın nurlu sabahları təmin olunmaqdadır

Elə şəxsiyyətlər var ki, onların bioqrafiyası tarixdə tarixi istinad olur. Xalq belə şəxsiyyətlərə tarixi şəxsiyyətlər deyir. Tarixi şəxsiyyətlər həm də xalqın bu gününün cəfasını çəkə-çəkə sabah­larının taleyini durulaşdırır, bu günü sabahlar üçün yaşadır və yaşayır…

1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Döv­lət Beynəl­xalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiran­tu­rasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra is­tehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra birinci vit­se-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azər­baycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbay­can Respublikasının Baş naziri təyin olunub. Bunlar bir ömrün dünənlərinin işığıdı. Elə bir işıq ki, təkcə Azəbaycanda deyil, Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələri olan bütün dövlətlərdə həmişə sevgilərlə yada düşür. Tarix belə yada düşmələrə ehtiram deyir...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev İlham Əliyevin siyasi baxımdan mətinliyini, dürüst­lüyünü, dövlətə, dövlətçiliyə sədaqətini, təfəkkürünü, azərbaycançılığa sədaqətini yüksək də­yər­ləndirirdi, ona özü qədər inandığını da demişdi. Bu fikir siyasi (və dövlətçilik!) mesajı idi və Azər­baycan naminə deyilmişdi. 2003-cü ildə prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götür­müş­dü, 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezident­liyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasə­tini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq bu seçkidə inandığı, sevdiyi böyük tarixi şəxsiyyətin seçiminə böyük ehtiramla iştirak etdi.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçki­lər­də seçicilərin 76 faizdən çoxunun, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə 88,73 faizi­nin,  2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə 84,54 faizinin,  2018-ci il aprelin 11-də seçicilərin 86,02 faizinin  səsini qazandı. 2024-cü il seçkiləri də tarixi şəxsiyyətə - Azərbaycana, Azərbaycan dövlətinə, Azərbaycan dövtçiliynə tarixi sədaqətə ehtiramın təzahürü oldu...

Cənab İlham Əliyev 2024-cü il fevralın 14-də demişdi: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Xalq Prezidentinə inanıb, indi də inanır, Prezident xalqına güvənib, indi də güvənir. Bu tezisi cənab Prezidentin bir kəlamı da təsdiqləyir: “Biz birlikdə güclüyük!”.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən cənab Prezident İlham Əliyev gənclərin dövlət quruculuğunda yaxından iştirakını təmin edib, onların malik olduğu poten­sialdan səmərəli və gərəkli səviyyədə istifadə olunur. 

Respublikamızda siyasi dialoq mühitinin formalaşdırılmasını gerçəkləşdirmək üçün dövlət baş­çı­mız qətiyyətlə demişdi ki, “... indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bil­məz.”; “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sa­hə­sində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atıla­caq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin güc­ləndirilməsi” möv­zusunda iclas təşkil edildi, Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin tə­şəb­büsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübari­zəyə həsr olunmuş Xüsusi Sessiyası keçirildi, 2021-ci il noyabrın 18-də BMT Baş Assamble­ya­sının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezi­dentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT-yə üzv dövlətləri tərəfindən qəbul edildi, Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşuldu. Bunlar da dövlət başçımızın dünyəvi proseslərə müna­si­bətinin konturlarındandır...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib his­sə­si olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qa­rabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynayıb, Qərbi Azərbaycan məsələ­sin­də ədalətin bərqərar olunmasına təkan vermiş, Ermənistanla münasibətlərin normallaşması prose­sində insan hü­quq­ları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici siyasəti Azərbaycanın ərazi bü­töv­lüyünün tam bərpa olumasına yönəltmişdi. Azərbycan Ordusunun hissələri 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı hücumunun qarşısını qətiyyətlə aldı,  Ali Baş Koman­da­­nın əks-hücum əmri İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Ordumuz döyüşə-döyüşə tor­paqla­rımızı işğaldan azad edirdi. Noyabrın 8-də Şuşanı da işğaldan azad etdi. Noyabrın 10-da üç­tə­rəfli Bəyanat imzalandı...

2023-cü il sentyabrın 29-da başlayan antiterror əməliyyatı ilə Ağdərə, Xocalı, Xankəndi də işğaldan azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu, müzəffər sərkər­də İlham Əliyevin tarixi Zəfəri oldu!..

Dövlət başçımızın müvafiq sərəncamları ilə işğaldan azad edulmiş ərazlərimizdə böyük quru­cu­luq işləri davam etməkdədir. Yaxın vaxtlarda bu ərazilərdə işğaldan nişanə qalmayacaq, şəhərlər də, kəndlər də yenidən qurulacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev neçə-neçə xarici universitetlərin fəxri doktoru və professorudur, neçə-neçə böyük dövlətlərin ali ordenləri ilə təltif olunub. Bunlar da həm Azərbaycana, həm də Azərbaycan Respublikasının Prezidentinə böyük ehtiramın təzahü­rü­dür...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2019-cu ildə demişdi: “Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabər­hüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqla­rı­mı­zı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq”. Bu qətiyyət indi daha dönməzdir...

Cənab İlham Əliyevin siyasi kursu Azərbaycan dövlətinin nurlu sabahlarını təmin etməkdədir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı