19 dekabr 2025 21:12
43

Ombudsman Səbinə Əliyeva Azərbaycan milli amputant futbol komandasının heyətini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan milli amputant futbol komandasının heyətini qəbul edib.

“İki sahil” xəbər verir ki, görüşdə ANAMA-nın müşaviri Fikrət Vəliyev, AFFA-nın şöbə rəisi Nəriman Axundov, Azərbaycan milli amputant futbol komandasının rəhbəri Elnur Sadıqov, baş məşqçisi Rövşən Quliyev, məşqçilər və komanda üzvləri iştirak ediblər.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının Konstitusiyasının insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etdiyini vurğulayıb. O bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi və bərabər imkanlarla təmin olunması Konstitusiyadan irəli gələn fundamental prinsiplərə əsaslanır və dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Müvəkkil mina təhlükəsinin insan hüquqlarına ciddi təhdid olduğunu, mülki əhalinin həyat və sağlamlığına ağır zərbə vurduğunu diqqətə çatdıraraq, Ombudsman təsisatının mina qurbanlarının hüquqlarının müdafiəsi, onların reabilitasiyası və sosial təminatının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. Bu çərçivədə ANAMA başda olmaqla aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Eyni zamanda, Ombudsman dövlət siyasətinin əsas prioritetlərindən birinin sosial cəhətdən həssas qruplara, xüsusilə də əlilliyi olan şəxslərə dəstəyin gücləndirilməsi olduğunu, bu kontekstdə onların təhsil, sağlamlıq, məşğulluq və ictimai həyata bərabər əsaslarla qoşulması istiqamətində görülən işləri, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflər və geniş tədbirlərin illik məruzələrində yer aldığını diqqətə çatdırıb.

Qeyd edilib ki, amputant idmançıların əksəriyyəti Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü, Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də postmünaqişə dövründə davam edən mina terroru nəticəsində sağlamlıqlarını itirmiş şəxslərdir. Bu baxımdan milli amputant futbol komandasının fəaliyyəti təkcə idman nailiyyəti deyil, eyni zamanda müharibənin ağır nəticələrinə baxmayaraq Azərbaycan vətəndaşının sarsılmaz iradəsinin, həyat eşqinin və vətənpərvərliyinin bariz nümunəsidir.

Öz növbəsində çıxış edən ANAMA-nın müşaviri Fikrət Vəliyev, Azərbaycan milli amputant futbol komandasının rəhbəri Elnur Sadıqov və baş məşqçisi Rövşən Quliyev, eləcə də digər heyət üzvləri komandanın fəaliyyəti, qarşıya qoyulan məqsədlər, beynəlxalq və yerli yarışlarda əldə olunan nailiyyətlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan milli amputant futbol komandası yarandığı üç il ərzində beynəlxalq arenada uğurlu çıxış edərək bir sıra nüfuzlu turnirlərdə ölkəmizi layiqincə təmsil edib və hazırda amputant futbolu üzrə dünya reytinqində iştirakçı ölkələr arasında ilk onluqda qərarlaşıb. Onlar göstərilən diqqət və dəstəyə görə Ombudsmana təşəkkür edərək, bu cür görüşlərin idmançıların motivasiyasının artırılmasında, eyni zamanda cəmiyyətdə fiziki məhdudiyyətli şəxslərə münasibətin formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra Ombudsmanın təşəbbüsü ilə hazırlanmış, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına və bərabər imkanların təşviqinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.