Kürdəmir rayonunda qurulan müəssisədə avtomobil təmiri xidmətləri göstəriləcək.
“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyinin (DMA) icra etdiyi “PeşəCar” layihəsi üzrə növbəti klaster müəssisə istifadəyə verilib.
Kürdəmir rayonunda yaradılan yeni müəssisə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmiri sahəsi üzrə aktivlərlə təmin olunmuş şəxslərin eyni məkanda birgə fəaliyyəti üçün nəzərdə tutulub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə istifadəyə verilmiş müəssisədə avtorəngsaz, avtotəmizləmə, avtorazval, avtodəmirçi, avtoçilingər, avtomobil şinlərinin bərpası və təmiri üzrə xidmətlər göstəriləcək.
Rayonun Atakişili kəndində fəaliyyət göstərən müəssisənin açılış tədbirində Kürdəmir RİH-in başçısı Elşən Həsənli, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı E.Həsənli yeni yaradılan müəssisənin rayonda yeni iş yerlərinin yaradılması və məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıb. Belə layihələrin bölgədə xidmət sektorunun inkişafını stimullaşdırmaqla yanaşı, sakinlərin məşğulluğunun təminatına mühüm dəstək olduğunu bildirib.
DMA sədri H.Abbasov “PeşəCar” layihəsi barədə məlumat verib. Qeyd edilib ki, məqsəd vətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlı biznes qurmalarına, gəlirlərini artırmalarına və öz sahələrində peşəkar fəaliyyət göstərmələrinə dəstək olmaqdır. Sədr layihənin uğurla həyata keçirilməsində əməkdaşlıq edən bütün qurumlara və tərəfdaşlara təşəkkür edib.
Digər çıxış edənlər layihənin işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsində əhəmiyyətli rolunu vurğulayıb, müəssisənin fəaliyyətinin səmərəli olacağına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə ötən il Oğuz rayonunda istifadəyə verilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib