20 dekabr 2025 00:35
106

"Qış depresiyası"ndan necə qorunaq?

Qış mövsümündə Günəş işığının azalması bir çox insanlarda əhvalın pozulması, halsızlıq və “qış hüznü” kimi tanınan psixoloji vəziyyətə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzi hallarda depressiyaya çevrilə bilər və gün işığından maksimum dərəcədə faydalanmaq xüsusi əhəmiyyət daşıyır. Həkimlər xəbərdarlıq edirlər ki, əgər bu vəziyyət 4-5 aydan çox davam edərsə, mütləq diqqət yetirilməlidir.

Mövsümi depressiyanın yaranmasını izah edən ən güclü elmi nəzəriyyələrdən birinə görə, Günəş işığının azalması beynin kimyəvi balansına birbaşa təsir göstərir. Gün işığının azlığı əhval-ruhiyyə, yuxu və iştahı tənzimləyən serotonin və melatonin hormonlarının tarazlığını poza bilər.

Mövzu ilə bağlı fikir bildirən Türkiyənin özəl universitetlərdən birinin Ruhi sağlamlıq və xəstəliklər kafedrasının müdiri, professor-doktor Hasan Belli qış depressiyası ilə bağlı vacib məqamları diqqətə çatdırıb. Professor Belli bildirib ki, bu vəziyyət klinik olaraq “mövsümi dövrlərlə əlaqəli depressiya” adlandırılır: “Bu depressiya növünün əsas xüsusiyyəti simptomların ilin müəyyən dövrlərində, əsasən payız və qış aylarında ortaya çıxması, digər mövsümlərdə isə ya tamamilə yox olması, ya da klinik səviyyəyə çatmamasıdır. Bu təbii gedişat Günəş işığı ilə birbaşa əlaqənin ən güclü sübutudur. Söhbət sadəcə özünü pis hiss etməkdən getmir, gündəlik həyat fəaliyyətini pozan ciddi klinik mənzərədən danışırıq”.

Professor qeyd edib ki, bu vəziyyət cəmiyyətdə daha çox “qış depressiyası” və ya “qış hüznü” kimi tanınır. Halların böyük əksəriyyəti payız-qış aylarında müşahidə olunsa da, nadir hallarda yay tipli mövsümi depressiyaya da rast gəlinir.

Qış aylarında müəyyən depressiv duyğuların yaşanmasının normal ola biləcəyini deyən Belli vurğulayıb ki, havanın tez qaralması, soyuq və qapalı hava şəraiti, eləcə də sosial aktivliyin azalması insanlarda müvəqqəti kədər, enerji azlığı və özünə qapanma yarada bilər: "Əgər bu duyğular insanın gündəlik məsuliyyətlərini yerinə yetirməsinə mane olmursa və həftələrlə davam edən dərin ruh düşkünlüyünə çevrilmirsə, patoloji depressiya hesab edilmir. Lakin qaranlıq hava və tutqun əhval mənfi düşüncə tərzini və bədbinliyi gücləndirə bilər. Günəş işığının ilboyu az olduğu ölkələrdə mövsümi depressiyanın daha çox yayılması da bununla bağlıdır."

Mütəxəssisin sözlərinə görə, mövsümi depressiya adətən payız aylarında başlayır, qışda ən ağır mərhələsinə çatır və yazda Günəş işığının artması ilə tədricən azalır və ya tamamilə yox olur: "Bu proses orta hesabla 4-5 ay davam edir. Lakin bəzi hallarda düzgün müalicə aparılmadıqda simptomlar hər mövsümi dövrdə yenidən təkrarlana bilər".

Doktor Hasan Belli qış depressiyasının qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edib:

Günəş işığından mümkün qədər çox faydalanmaq 

Ev və iş mühitinin işıqlı olmasına diqqət yetirmək

Açıq havada gəzinti və fiziki aktivliyi azaltmamaq

Balanslı və sağlam qidalanmaq

Keyfiyyətsiz karbohidratlardan uzaq durmaq, omega-3 ilə zəngin qidalara üstünlük vermək

Sosial əlaqələri qorumaq və aktiv sosial həyat sürmək

Hər gün eyni saatda yatmaq, yuxu rejiminin təbii ritmini pozmamaq

Mütəxəssislər vurğulayırlar ki, qış aylarında psixoloji vəziyyətə diqqət yetirmək, vaxtında tədbir görmək və lazım gəldikdə mütəxəssisə müraciət etmək ümumi həyat keyfiyyətinin qorunmasında mühüm rol oynayır.

Şahnigar Əhmədova, "İki sahil"