19 dekabr 2025 01:57
100

Gecələr qəfil oyanırsınız?

Səbəb bu xəstəlik ola bilər

Gecə ərzində tez-tez oyanmaq əksər hallarda stress, nizamsız yuxu rejimi və ya gec saatlarda qida qəbulu ilə əlaqələndirilir. Lakin mütəxəssislər bildirirlər ki, bu hal hər zaman zərərsiz olmaya bilər. Yuxu zamanı tənəffüsün təkrarlanan şəkildə dayanması və ya ciddi dərəcədə azalması ilə xarakterizə olunan bəzi xəstəliklər insanın gecə ərzində özündən asılı olmayaraq dəfələrlə oyanmasına səbəb ola bilər. Bu cür pozuntuların ən geniş yayılmış formalarından biri obstruktiv yuxu apnesidir. Sözügedən xəstəlik yuxu zamanı tənəffüsün mütəmadi olaraq dayanmasına və ya zəifləməsinə gətirib çıxarır. Nəticədə qanda oksigen səviyyəsi azalır və insan gecə boyu tez-tez oyanır. Xəstələrin əksəriyyəti bu oyanmaların fərqində olmasa da, obstruktiv yuxu apnesi həm həyat keyfiyyətini aşağı salır, həm də uzunmüddətli perspektivdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Mövzu ilə bağlı fikirlərini bölüşən həkim Şeyda Çevik Güneri bildirib ki, xəstəlik adətən yüksək səslə xoruldama, gecə nəfəsin dayanması, qəfil oyanmalar və səhərlər yorğun halda oyanmaq kimi əlamətlərlə özünü göstərir. Onun sözlərinə görə, gün ərzində həddindən artıq yuxulu olmaq, diqqət dağınıqlığı və baş ağrıları da tez-tez rast gəlinən şikayətlər sırasındadır: “Obstruktiv yuxu apnesi müalicə olunmadığı təqdirdə arterial hipertenziya, ürək, insult, şəkərli diabet kimi xəstəliklərin yaranma riskini artıra və yol-nəqliyyat qəzalarına  səbəb ola bilər. Xüsusilə piylənmə, boyun ətrafında qalınlıq, siqaret və spirtli içki istifadəsi, eləcə də genetik amillər bu xəstəliyin yaranma ehtimalını yüksəldir."

Mütəxəssis vurğulayıb ki, xəstəliyin diaqnozu yuxu testi (polisomnoqrafiya) vasitəsilə qoyulur və müalicə xəstəliyin ağırlıq dərəcəsinə əsasən planlaşdırılır. Yüngül hallarda həyat tərzində dəyişikliklər tövsiyə olunsa da, orta və ağır formalarda CPAP cihazına, ağızdaxili aparatların tətbiqinə və ya cərrahi müdaxiləyə ehtiyyac yarana bilər.

Şeyda Çevik Güneri xəbərdarlıq edib ki, tez-tez xoruldamaq, gecə nəfəsin dayanması və ya gün ərzində həddindən artıq yuxulu olan, özünü yorğun hiss edən şəxslər mütləq mütəxəssisə müraciət etməlidirlər: "Erkən diaqnoz və düzgün müalicə həm həyat keyfiyyətini artırır, həm də ciddi sağlamlıq fəsadlarının qarşısını alır"

Şahnigar Əhmədova, "İki sahil"