Ölkəmizdə müasir dövlətçilik modelinin formalaşması Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, prinsipial mövqeyi və tarixi məsuliyyət hissi ilə bilavasitə bağlıdır. Ümummilli Liderin təşəbbüsü ilə 12 noyabr 1995-ci il tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası həm hüquqi normalar toplusu, həm də müstəqil dövlətin siyasi-ideoloji manifesti kimi çıxış etmişdir. Bu ali sənəd vasitəsilə hüquqi dövlət quruculuğu, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının təminatı dövlət idarəçiliyinin əsas istiqaməti kimi müəyyənləşdirilmişdir. Demokratik ənənələrin inkişafı, hüququn aliliyinin təmin edilməsi və sosial ədalətin qorunması məhz bu konstitusion baxışın nəticəsi olaraq formalaşmışdır.
Konstitusiyanın cəmiyyət tərəfindən qəbul olunması hüquqi mədəniyyətin yüksəlməsinə, vətəndaşların hüquqi şüurunun formalaşmasına və dövlət-vətəndaş münasibətlərində etimad mühitinin möhkəmlənməsinə mühüm təsir göstərmişdir. Bu ideoloji xətt zamanla daha da dərinləşmiş, dövlət idarəçiliyində davamlılıq və sabitlik təmin olunmuşdur.
Dövlət suverenliyinin tam bərpası və konstitusion quruluşun bütün ərazilərdə təmin edilməsi müasir tariximizin həlledici mərhələlərindən biridir. Bu reallıq yalnız siyasi və hərbi baxımdan deyil, hüquqi aspektdən də ölkəmizin bütövlüyünü təsdiqləmişdir. Bu amillər faktiki olaraq hüquqi sistemin yeni keyfiyyət mərhələsinə keçidini şərtləndirmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən təşəbbüslər məhz sözügedən yeni reallığın hüquqi və mənəvi dəyərlərlə möhkəmləndirilməsinə xidmət edir. Həmin təşəbbüslər arasında amnistiya ideyası xüsusi yer tutur və suverenliyin həm də humanist məzmun daşıdığını nümayiş etdirir.
Amnistiya faktoru hüquqi dövlət modelində sosial balansın qorunmasına xidmət edən legitim və təsdiqlənmiş mexanizmdir. Prezident İlham Əliyev tərəfindən 15 dekabr 2025-ci il tarixində irəli sürülmüş amnistiya təşəbbüsü humanizm prinsiplərinin prioritetliyini bir daha təsdiqləyir. Burada əsas məqsəd cəzanın yalnız məhdudlaşdırıcı vasitə deyil, eyni zamanda islah və tərbiyə funksiyası daşımasını təmin etməkdir. Bu yanaşma hüquqi məsuliyyət anlayışı sosial məsuliyyət və mənəvi öhdəliklə tamamlayır. Amnistiya aktı hüquqla mərhəmət arasında tarazlığı qoruyaraq cəmiyyətin sağlamlaşmasına və sosial harmoniyanın güclənməsinə xidmət edir.
Amnistiya layihəsində nəzərdə tutulan kateqoriyalar sosial ədalət prinsipinin praktik ifadəsi kimi çıxış edir. Layihəyə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Bütün bunlar hüquqi diferensiasiyanın və fərdi yanaşmanın bariz nümunəsidir.
Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bu təşəbbüs minlərlə ailənin sosial vəziyyətinə müsbət təsir göstərəcək, cəmiyyətdə humanist dəyərlərə inamı gücləndirəcəkdir. Həmin qərar, eyni zamanda hüquqa olan ictimai etimadın daha da möhkəmlənməsinə, dövlətin ədalətli və mərhəmətli idarəçilik modeli kimi qəbul edilməsinə töhfə verir. Sosial psixoloji mühitdə yaranacaq müsbət dinamika hüquqi sabitliyin davamlılığını təmin edən mühüm amilə çevrilir.
Əfv qərarları və amnistiya aktlarının uzun illər ərzində ardıcıl tətbiqi humanizmin dövlət siyasətində sistemli xarakter daşıdığını sübut edir. Müxtəlif dövrlərdə qəbul edilmiş bu qərarlar hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi formalaşmış, cəmiyyətin sosial gözləntiləri ilə hüquqi mexanizmlər arasında sağlam tarazlıq yaratmışdır. Parlament təşəbbüsləri, ictimai dəstək və hüquqi əsaslandırma həmin prosesin institusional xarakterini gücləndirmiş, humanizm prinsipini hüquqi sistemin sabit komponentinə çevirmişdir.
Beləliklə, “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən amnistiya təşəbbüsü konstitusion legitimliyin, sosial etimadın və humanist hüquq siyasətinin vəhdətini nümayiş etdirən mühüm siyasi-hüquqi hadisədir. Bu təşəbbüs bir daha göstərir ki, güclü dövlət modeli insan ləyaqətinə hörmət, ədalətli yanaşma və mərhəmət dəyərləri üzərində qurulur. Məhz həmin yanaşma müasir dövlətçilik fəlsəfəsinin əyani təzahürü olaraq uzunmüddətli sabitliyin təminatçısı kimi çıxış edir.
Heydər Əsədov,
Milli Məclisin deputatı