Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək, Əbu-Dabidə keçirilən “Gələcəyin Oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak edib və səfər çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasi dialoq, iqtisadiyyat, enerji, mədəniyyət, humanitar və texnoloji əməkdaşlıq ikitərəfli münasibətlərin əsasını təşkil edir və müntəzəm qarşılıqlı səfərlər əlaqələrimizin möhkəmləndirilməsində əsas rol oynayır. Azərbaycan liderinin səfəri isə strateji tərəfdaşlığın davamlılığını təmin etməklə iki ölkənin daha da yaxınlaşmasında yeni bir mərhələ olacaq.
Bunu mətbuata açıqlamasında Prezident İlham Əliyevin BƏƏ-yə səfərini və səfər zamanı Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə keçirdiyi görüşü şərh edən Milli Məclisin deputatı Kamran Bayramov bildirib. Onun sözlərinə görə, otuz il ərzində Azərbaycanla BƏƏ arasında münasibətlər diplomatik əlaqələrdən həqiqi strateji tərəfdaşlığa qədər yüksəldi. Əvvəlcə əlaqələr əsasən formal xarakter daşıyırdı, lakin Prezident İlham Əliyevin 2006-cı ilin noyabr ayında Əmirliklərə səfərindən sonra hər şey dəyişdi. Məhz o zaman əməkdaşlıq real mahiyyətlə doldu və əlaqələrin inkişafına güclü təkan verildi.
K.Bayramov vurqulayıb ki, əməkdaşlığımızın kulminasiya nöqtəsi BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin sentyabr ayında Azərbaycana səfəri oldu. Simvolik olaraq, danışıqlar azad edilmiş Qarabağın mərkəzində yerləşən Şuşada baş tutdu. Bu hadisə münasibətlərə xüsusi simvolizm qatmaqla yanaşı, həm də Əbu-Dabinin Azərbaycanın ərazi bütövlüyünə hörmətini göstərdi. Bu səfərin nəticələri çox səmərəli oldu, Şuşada 14 sənəddən ibarət paket, o cümlədən münasibətləri tamamilə yeni səviyyəyə yüksəldən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. İmzalanan müqavilələr demək olar ki, bütün əsas sahələri, o cümlədən enerji, nəqliyyat, sənaye, rəqəmsallaşdırma, turizm, təhsil və bank sektorunu əhatə etdi. Bunların arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Masdar şirkəti arasında yaşıl enerji sahəsində Əməkdaşlıq Memorandumu, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Müqavilə və süni intellekt və nəqliyyat sahəsində layihələr üzrə müqavilələr də xüsusi qeyd olunmalıdır.
Deputat həmçinin əlavə edib ki, Şuşada keçirilən danışıqlar zamanı artıq tamamlanmış layihələrin, o cümlədən Masdar şirkəti tərəfindən inşa edilmiş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının əhəmiyyəti vurğulandı. Bu qurğu Xəzər regionunda ən böyük qurğu olmaqla Azərbaycanın yaşıl enerji siyasətinin rəmzinə çevrildi. Stansiyanın ildə 500 milyon kVt/saat enerji istehsal etməsi 110 milyon kubmetr qaza qənaət etməsinə və 265 min ton karbon qazının atmosferə atılmasının qarşısını almasına imkan verəcək.
Humanitar əməkdaşlığa toxunan K.Bayramov bildirib ki, bu Azərbaycan və BƏƏ arasında əlaqələrin mühüm sahəsidir. Btlə ki, BƏƏ azad edilmiş ərazilərin təmizlənməsi üçün Azərbaycan Mina Təmizləmə Agentliyinə (ANAMA) 5 milyon dollar ayırdı ki, bu da təkcə humanitar deyil, həm də siyasi dəstək aktıdır. Əbu-Dabidə bu ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında vasitəçisiz keçirilmiş ilk görüş isə BƏƏ-nin Cənubi Qafqazda sülh və sabitliyin təşviqinə sadiqliyini təsdiqidir.
Deputatın qənaətinə görə, bütün bunlar iki ölkənin liderləri arasında inkişaf etmiş yüksək səviyyəli şəxsi anlaşma və etimadla möhkəmləndirilir. İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bir-birini “qardaş” adlandırması təsadüfi deyil. İki dövlət başçısının görüşü, şübhəsiz ki, həm onların şəxsi dostluğunun möhkəmlənməsinə, həm də Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığın uzunmüddətli inkişafına xidmət edəcək.
Humanist dövlət siyasəti cəmiyyətin sağlam inkişafını təmin edən əsas amillərdəndir