18 dekabr 2025 13:07
63

QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai şuranın üzvləri üçün Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib.

“İki sahil” xəbər verir ki, 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, eləcə də inzibati və texniki otaqlar fəaliyyət göstərir. Müasir texniki avadanlıqlarla təchiz olunan müəssisədə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb. Mərkəzdə yaradılmış şəraitlə tanış olan infotur iştirakçılarına burada peşə hazırlığı proqramlarının təşkili, tədris prosesi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1400-ə yaxın şəxs, o cümlədən işğaldan azad olunmuş ərazilərin sakinləri olan 500 nəfərdən çox şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Təlim proqramları hazırlanarkən xüsusilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən və fəaliyyətə başlayacaq işəgötürənlərin tələbləri, eləcə də regionun əmək bazarının prioritetləri nəzərə alınır.

Tədris prosesi müvafiq meyarlar əsasında seçilmiş, peşəkar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.

İnfotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb, Mərkəzin fəaliyyəti ilə bağlı fikir və təkliflər dinlənib.

Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi peşə hazırlığı sahəsində şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirilməsinə və görülən işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.