18 dekabr 2025 01:27
97

Böyük Qayıdış azad torpaqlarımızda yeni inkişaf mərhələsi yaradır...

Ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən beş Milli Prioritetdən biri kimi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin rayonlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir. Müasir infrastrukturların yaradılması, yeni yaşayış məntəqələrinin tikilməsi, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışının təmin olunması istiqamətində tədbirlər davamlı şəkildə aparılır. Bu proses təkcə yaşayış binalarının tikilməsi ilə məhdudlaşmır. Yolların, məktəblərin, xəstəxanaların və sosial xidmət obyektlərinin yenidən qurulması da prioritetlər sırasındadır. Beləliklə, azad edilmiş ərazilər yalnız fiziki olaraq bərpa olunmur, həm də sosial və iqtisadi cəhətdən dayanıqlı inkişaf üçün münbit şərait yaradılır. Bu, bütövlükdə ölkənin dayanıqlı inkişaf strategiyasının ayrılmaz hissəsi olmaqla, vətəndaşların rifahının yüksəlməsinə və regionlarda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri Böyük Qayıdış Proqramının real nəticələrini nümayiş etdirən mühüm və qürurverici hadisələrdəndir. Dövlətimizin başçısının azad edilmiş torpaqlara qayıdan sakinlərlə birbaşa görüşləri bu prosesin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqləyir. Artıq Qarabağ və Şərqi Zəngəzurda dirçəliş dövrü başlanıb, illərlə həsrətində qaldığımız bu torpaqlarda yeni həyat formalaşır. Tarixi Zəfərimizdən dərhal sonra start götürən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları uğurla icra olunur. Bu layihələrin ilk real nəticəsi kimi Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinə qovuşması Böyük Qayıdışın rəmzinə çevrilib. Məhz buradan başlanan köç prosesi bu gün ardıcıllığı və miqyası ilə diqqət çəkir.

Prezident İlham Əliyev çıxışlarında və beynəlxalq tədbirlərdə daim Böyük Qayıdış Proqramına xüsusi diqqət ayırır, soydaşlarımızın mərhələ-mərhələ doğma yurdlarına qayıdışının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayır. Proqramın birinci mərhələsində 8 şəhərin və 100 kəndin yenidən qurulması əsas hədəf kimi müəyyən edilib və artıq bu hədəflərin praktik nəticələri aydın şəkildə görünür. Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl və Kəlbəcər şəhərlərinin sakinlərinə qovuşması, eyni zamanda, çoxsaylı kənd və qəsəbələrin bərpası bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Cari ildə dövlətimizin başçısının Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, eləcə də Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü Böyük Qayıdışın artıq dönməz prosesə çevrildiyini bir daha təsdiqləyir. Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda milli ruhun, tarixi ədalətin və sosial rifahın bərpasıdır. Böyük Qayıdış Proqramı Azərbaycanın gücünü, dövlət iradəsini və xalq-dövlət birliyini əks etdirən ən parlaq inkişaf modelidir. Dövlətimizin başçısı İlham Əliyev “Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik” söyləməklə növbəti hədəfimizin də tezliklə reallığa çevriləcəyinə əminliyini ifadə edir. Hər zaman irəliyə baxan, zamanı qabaqlamağa səy göstərən və buna nail olan  Azərbaycan bu gün yeni dövrün hədəfləri ilə dünyanın diqqətindədir.

Göründüyü kimi, düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın  zamanda  140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurdz  aparılan dirçəliş işləri həm daxili hüquqi legitimliyi, həm də beynəlxalq hüququn üstünlüyünü nümayiş etdirən nümunəvi modeldir.

Beləliklə, Xankəndi və ətraf ərazilərdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın dövlət iradəsini, planlı idarəetmə modelini və qayıdış siyasətinin real nəticələrini əks etdirir. Təhsil, səhiyyə, nəqliyyat və sosial infrastrukturun sürətli şəkildə bərpası bu bölgədə həyatın tam şəkildə canlanmasını təmin edir. Görülən işlər həm də onu göstərir ki, Azərbaycan azad olunmuş əraziləri yalnız təhlükəsizlik baxımından deyil, sosial-iqtisadi baxımdan da ölkənin ayrılmaz hissəsinə çevirir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, digər bölgələrin də sosial-iqtisadi inkişafının diqqətdə saxlanılması Azərbaycanın güclü iqtisadi potensialının, maliyyə dayanıqlığının və balanslaşdırılmış inkişaf strategiyasının bariz nümunəsidir. Bu paralel yanaşma dövlətin həm azad olunmuş torpaqların dirçəlişinə, həm də ümumi regional tərəqqiyə verdiyi önəmin göstəricisidir. Beləliklə, Azərbaycanın inkişaf modeli yalnız ayrı-ayrı regionların deyil, bütövlükdə ölkənin davamlı tərəqqisini təmin etməyə yönəlib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, digər bölgələrin də sosial-iqtisadi inkişafının paralel şəkildə davam etdirilməsi dövlət siyasətinin ardıcıllığını və uzaqgörənliyini nümayiş etdirir. Bu yanaşma bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurun qısa müddətdə müasir və yaşayış üçün əlverişli məkanlara çevrilməsinə zəmin yaradırsa, digər tərəfdən ölkə üzrə regional bərabərliyin qorunmasına, sosial rifahın yüksəlməsinə və iqtisadi dayanıqlığın möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, balanslaşdırılmış inkişaf strategiyası Azərbaycanın güclü dövlət kimi gələcəyə inamla addımladığını, milli resurslardan səmərəli istifadə etdiyini və hər bir vətəndaşın rifahını prioritet hesab etdiyini aydın şəkildə nümayiş etdirir.

Şəmsiyyə Əliqızı, “İki sahil”