17 dekabr 2025 10:18
78

Güclü hərbi-sənaye kompleksi qüdrətli orduya malik olmağın ilkin şərtidir

Dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.

“İki sahil” azərtac-a istinadən Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış MSN-in fəaliyyət istiqamətlərini xatırladır.

Qısa müddətdə MSN tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, Azərbaycanda “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrilib. 2022-ci ildə Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərində dünyanın 30-a yaxın ölkəsindən 200-dən çox şirkət iştirak edib. Sərgilərdə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar, ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən MSN-in birlik və müəssisələrinin 179 adda məhsulu nümayiş olunub.

2020-ci ilin Vətən müharibəsi Azərbaycanın müdafiə sənayesi məhsulları üçün böyük sınağa çevrildi. Nazirliyin müəssisələrində istehsal edilən müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında əhəmiyyətli rol oynayıb. Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə 2022-ci ildə keçirilən IV ADEX sərgisində daha müasir silahlarını təqdim edib. Sərgidə nazirliyin müəssisələrində istehsal edilən yeddi növ yeni pilotsuz uçuş aparatı nümayiş olunub və onlar Vətən müharibəsində özünü yüksək səviyyədə doğruldub. Kamikadze “İti qovan” məşhur pilotsuz uçuş aparatı, eləcə də “Aerostar” və “Orbiter-4”, açıq havada olan ekspozisiyada yeni “Gürzə” avtomobilləri, eləcə də modernizə olunmuş transportyor sərgidə nümayiş edilib.

2023-cü il noyabrın 22-dən 25-dək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi keçirilib.

Ötən il sentyabrın 24-26-da Bakıda MSN-in təşkilatçılığı ilə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib. Sentyabrın 24-də Prezident İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgilərini ziyarət edib, MSN-in tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxıb. Sərgidə fəal iştirak edən “Azərsilah”a məxsus pavilyonda ziyarətçilərə PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, avtomatik top, zirehli gödəkcələr, aviabombalar, təlim simulyatorları, müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkcələr, optik nişangah və cihazlar təqdim olunub.

Sərgilər zamanı MSN və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər, MSN-in tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə Azərbaycan Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb, bir çox mövzularda panel müzakirələr aparılıb.

Sərgilərdə, həmçinin ziyarətçilər Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıblar. Tədbirdə ilk dəfə öz stendi ilə təmsil olunan Müdafiə Nazirliyi tərəfindən müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizat vasitələri, zirehli texnikalar nümayiş etdirilib. Sərgilərdə MSN-in müəssisələrində yaradılan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 193 adda müdafiə təyinatlı məmulat təqdim edilib.

Ümumiyyətlə, “ADEX” və “Securex Caspian” sərgiləri məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, növbəti - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin 2026-cı ilin sentyabrında keçirilməsi nəzərdə tutulur və həmin sərgidəki məhsullar ölkəmizin müdafiə qabiliyyətinin nümayişinə çevriləcək.