16 dekabr 2025 12:56
138

Ötən ay ən çox kosmetologiya və stomatologiya sahələri üzrə qanunsuz fəaliyyət aşkarlanıb

Ötən ay özəl tibb müəssisələrində aparılan yoxlamalar zamanı qanunsuz fəaliyyət qeydə alınan sahələr üzrə ilk beşlikdə kosmetologiya, stomatologiya, rentgenologiya, allerqologiya, pediatriya və qastroenterologiya olub.

“İki sahil” reporta istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, noyabr ayında özəl tibb müəssisələrində aparılan yoxlamalar zamanı ümumilikdə 23 nöqsan aşkar edilib.

Məlumata görə, stomatologiya üzrə iki sertifikasiya şəhadətnaməsi, iki lisenziya olmadan bir isə yoxlamanın keçirilməsinə şərait yaradılmaması faktı aşkarlanıb.

Kosmetologiya üzrə isə bir sertifikasiya şəhadətnaməsi, üç lisenziya olmadan, bir isə lisenziyadan kənar fəaliyyət qeydə alınıb.

Bundan başqa rentgenologiya üzrə bir lisenziyadan kənar, bir də sertifikasiya şəhadətnaməsi olmadan, allerqologiya üzrə bir lisenziyadan kənar, bir sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət olub.

"Pediatriya və travmatologiya üzrə hərəsində bir lisenziyadan kənar və bir sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət aşkarlanıb. Bununla yanaşı endokrinologiya üzrə bir lisenziyadan kənar fəaliyyət və sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət, qastroenterologiya üzrə iki lisenziyadan kənar fəaliyyət, kardiologiya, otorinolorinqologiya və fizioterapiya üzrə isə hərəsində bir lisenziyadan kənar fəaliyyət qeydə alınıb".

Bildirilib ki, aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib.