16 dekabr 2025 00:36
171

Son araşdırma qorxutdu!

Zəifləmə iynələrinin daha bir zərəri ortaya çıxdı

Kanadada aparılan yeni bir araşdırmada, zəifləmə iynələrinin yeni bir yan təsiri ortaya çıxdı.

Zəifləmə iynələri son dövrlərin ən önəmli sağlamlıq tendensiyasına çevrilib. Dünyanın müxtəlif yerlərində milyonlarla insan bu iynələrdən istifadə edərək qısa müddətdə sürətlə çəki itirir. Lakin mütəxəssislər bu dərmanların yan təsirləri barədə xəbərdarlıq edirlər.

“İki sahil” türk mediasına istinadən xəbər verir ki, bu iynələrdən bəziləri kilo itirmək üçün deyil, 2-ci tip diabetin müalicəsi üçün nəzərdə tutulub. Lakin çəki itirmək sahəsindəki təsirləri, onları "zəifləmə iynəsi" olaraq tanınmasına səbəb oldu. Böyük miqdarda çəkilərini sürətlə itirmək istəyən insanlar bu iynələrə müraciət edirlər. Bunun səbəbi bu iynələrin beyindəki iştah reseptorlarını hədəf alması və istifadəçini daha uzun müddət tox hiss etməsidir. Başqa sözlə desək, bu iynələri istifadə edənlər uzun müddə özlərini tox hiss edərək daha az yeyir və nəticədə çəki itirirlər. İynələr yayılmağa başladığı gündən bəri mütəxəssislər, saç tökülməsi, həzm problemləri, dəri sarkması kimi bir çox yan təsirin olduğunu bildirmişlər. Son olaraq Kanadada aparılan bir araşdırmada zəifləmə iynələrinin yeni bir yan təsiri ortaya çıxdı. Kanadalı araşdırmaçılar tərəfindən “Les Mills” və “UKactive” ilə birgə aparılan araşdırmaya görə, arıqlamaq üçün dərman istifadə edən şəxslər (Böyük Britaniyada təxminən 2,5 milyon insan) on illik yaşlanmaya bərabər olan yağsız bədən kütləsi itkisi yaşayırlar. Bu itki orta yaşlı və yaşlı istifadəçilərin zəifləməsi və ya haldan düşməsi nəticəsində zədə riski ilə qarşılaşmalarına səbəb ola bilər. Hesabatda, həmçinin "Əzələ kütləsi yaşla birlikdə təbii olaraq azalır, buna görə də əzələ kütləsi itkisi xüsusilə yaşlı insanlar üçün narahatedici ola bilər. Arıqlamaq dərmanları ilə əlaqəli əzələ və sümüklərin itkisi zəiflik və düşmə riskini artırar" ifadələrinə yer verilib.

Araşdırmada dərman istifadəçilərinin əgər qüvvət məşqləri ilə əzələ artırmasalar, sağlamlıqlarını təhlükəyə atacaqları vurğulanıb. Araşdırmanın yazarı Doktor Gillian Hatfield həftədə 150 dəqiqə məşq edən və tövsiyə edilən miqdardan həftədə 500 kalori daha az yiyən insanların yağsız bədən kütlələrinin təxminən 11%-ni itirdiyini qeyd edib. Kanadanın Fraser Valley Universitetində müəllim olan Hatfield, "Bu dərəcədə yağsız bədən kütləsi itkisi, obezlik cərrahiyası, xərçəng müalicəsi və ya təxminən 10 illik yaşlanmaya bənzəyir" deyib. İynə istehsalçısı şirkətlərdən, “LADbible”-a verilən açıqlamalarda isə xəstələrə bu dərmanları yalnız təsdiqlənmiş göstərişlər üçün və sağlamlıq mütəxəssisinin nəzarətində qəbul etmələri, məhsulları istifadə edərkən yan təsir yaşayan bütün xəstələrin sağlamlıq xidmətləri təminatçılarına müraciət etmələri tövsiyə edilib. Şirkət nümayəndələri məhsulların yalnız sağlamlıq mütəxəssisi tərəfindən yazıldığı təqdirdə istifadə edilməli olduğunu və qeydiyyatdan keçmiş apteklər və təchizatçılardan alınmasının vacibliyini vurğulayıblar.

Səbinə Qorxmaz “İki sahil”