Azərbaycan qadını tarixən müdrik zəkası, mehribanlığı, qayğıkeşliyi, bacarığı, əməksevərliyi, sədaqət və vətənpərvərliyi ilə daima sevilib, seçilib. Nəsilbənəsil davam edən bu ənənə bu gün də gənclər arasında yaşadılır. Elə bu ənənənin davamçısı olan, Türkiyə ağır sənayəsində ilk sahibkar hərbçi Naxçıvanlı qadınla oxucuları tanış edək.
Bildirim ki, təsadüfən tanışdığım müsahibim iş bacarığı və mükafatları ilə gündəm olmaq istəmirdi. Onunla qısa söhbətdən sonra bir jurnalist olaraq sizin fəaliyyətinizi yazmalı və gəncliyə nümunə olaraq göstərmək istədiyimi bildirdim. Hazırda Türkiyənin paytaxtı Ankara şəhərində yaşayan, 2020-ci ildən “Nikhas Makina Endüstri” müəssisənin sahibi olan Nilufər Sadiqovayla telefon vasitəsilə əlaqə saxladıq.
Müsahibim Nilufər Sadıqova 1985-ci ildə Naxçıvan şəhərində anadan olduğunu, 7 nömrəli tam orta məktəbdə təhsil aldığını bildirir.
-Ailəmiz hərbçi ailəsi olub. Mən atamın sənətini seçərək, sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə verdim. Qəbul olduqdan sonra, burada istekam ixtisası üzrə hərbi təhsil aldım. Hərbi təhsilimi bitirdikdən sonra iki il Bakıdakı “N” saylı hərbi hissənin istehkam bölüyündə xidmət etməyə başladım. Sonra öz istəyimlə Naxçıvana təyinat aldım. Burada baş leytenant rütbəsində xidmət göstərdikdən sonra öz ərizəmlə işdən azad edildim. 3 il Bakı şəhərində müxtəlif sahələrdə işlədim. Həmin müddətdə mənə Türkiyə universitetlərində magistratura təhsili almaq imkanı yarandı. Mən seçimimi Hacəttəpə Universitetinə edərək, Xarici Ticarətin İdarə Edilməsi bölümündə təhsil almağa başladım. Bu illər ərzində ancaq sənaye sahəsində, istehsalat bölməsində çalışdım. Lunapark atraksiyonlarını istehsal edib xaricə satışını təşkil edirdim. Satış zamanı xaricə gedib, quraşdırma və təfil vermə işləri ilə məşğul olurdum. Universitetdən məzun olanadək müxtəlif iş yerlərində çalışdım. Fəaliyyət göstərdiyinm müəssisədə 3 texnikada 6 nəfər çalışırdı. Beş il burada işlədiyim dövrdə 16 texnika, 30 işçi olmuşduq. Çünki buraya hərbi müdafiyə sənayesini də əlavə etdilər. Zireh tanklara ehtiyat hissələri istehsal edirdik. Hər bir detala xüsusi diqqət edir, maraqla öyrənirdim. Sifarişlər veriləndə texnikaların zirehlərin hansı hissələrində istifadə edildiyini qədiqliklə baxaraq öyrənirdim. Bütün bu təcrübələr məni belə bir qənaətə gətirdi ki, bu işi daha özüm də edə bilərəm. Əvvəlcə bu işi təkbaşıma görməyə başladım. Burada mənə bu güvəni verən mühəndislər də oldu. Onların mənim bu işi bacaraq əminliyini vermələri məni daha cəsarətləndirdi. Bir avadanlıqla öz müəssisəmi qurdum və işləyə-işləyə 10 avadanlığa çatdırmağı bacardım. Müəssisədə hazırda özümlə bərabər, altı nəfər işləyir. Onlara işçi kimi deyil, ailəm kimi münasibət bəsləyirəm.
Müsahibim bildirir ki, arzularım çoxdur. Ancaq ən böyük arzum bu müəssisənin bir filialını Naxçıvanda yaratmaqdır.
-Demək olar ki, bunun üçün mən orda torpaq sahəsi alıb artıq bir çox işlər görmüşəm. “Nikhas Makina Endüstri” müəssisənin filialı “Nikhas” MMC şirkəti Naxçıvanda açmaqda məqsədim əsasən, gəncləri texnika öyrənməyə cəlb etməkdir. Burada da ehtiyat hissələrlə bərabər, ehtiyac duyulan metallar istehsal etməkdir. Təbii ki, bu arzumda mənə kömək olan, dəstək verən mühəndis yoldaşlarım var.
İnanıram ki, Naxçıvanda çox bacarıqlı gənclər var. Onlar sadəcə məlumatsızdırlar. Tövsüyə edirəm ki, gənclər Tiktok və Instagram səhifələrində vaxt keçirərək gələcəklərini məhv etməsinlər. Texnologiya öyrənməyə, bu sahədə biliklərini artırmağa yönəltsinlər. Mən bu gün tək qadın olaraq bunu bacara bilirəmsə, əmin olsunlar ki, onlarda bacaracaqlar. Hər zaman yeni nələrisə öyrənməyə həvəs göstərsinlər. Əzmkar və mübariz olsunlar. Çünki, texnologiya maraq göstərən hər 10 gəncdən biri istehsalçı olsa, bu gələcəkdə onun müəssisəsində bir çox insanın işlə təmin olması, eyni zamanda yeni istehsalçıların yaranması deməkdir, bu da inkişafa aparan əsas yoldur.
Bilirsiniz, mən hərbçiyəm və mənim işlədiyim taborda iş yoldaşlarımın çoxu Vətən müharibəsində şəhid olublar. Onlar Vətən torpaqlarını bütövləşdirmək üçün canlarından keçiblər. Ancaq mən bunu etməmişəm. Ona görə, İnşallah Naxçıvanda fəaliyyət göstərəcək şirkətimi təmamilə gənclərə və şəhid övladlarına ithaf edəcəyəm. Onlar bu müəssisədən nələrisə öyrənsə, bununla da mən vətənə olan xidmət borcumu yerinə yetirmiş olaram.
Səriyyə Salahova,
Naxçıvan televiziyasının redaktoru