Hollandiyada aparılan yeni 16 həftəlik tədqiqat yer fıstığının beyin sağlamlığına müsbət təsir göstərdiyini müəyyən edib. Maastricht Universiteti Tibb Mərkəzinin alimləri gündə təxminən 60 ədəd duzsuz, qabıqlı qovrulmuş yer fıstığı istehlakının yaşlı insanlarda beynin alın və gicgah paylarında qan dövranını, yəni "qlobal serebral qan axını"nı 3,6% artırdığını müəyyənləşdiriblər. Eyni zamanda iştirakçıların yaddaş göstəricilərində 5,8% yüksəliş qeydə alınıb.
Tədqiqatda 60-75 yaş arası 31 sağlam könüllü iştirak edib. Onlardan araşdırma ərzində digər qoz-fındıq məhsullarından istifadə etməmək, testlərdən əvvəl idman etməmək, alkoqoldan uzaq durmaq və hər ölçümdən əvvəl 12 saatlıq ac qalmaq tələb olunub. Koqnitiv funksiyalar kompüter əsaslı testlərlə ölçülüb, beynin damar fəaliyyətindəki dəyişiklikləri izləmək üçün isə MRT görüntüləməsi istifadə olunub.
Niderlandlı alimlər yer fıstığının faydasını onun tərkibindəki doymamış yağ turşuları, liflər, bitki mənşəli bioaktiv maddələr və iltihabı azaldan antioksidantlarla əlaqələndiriblər. Xüsusilə L-arginin adlı amin turşusunun və resveratrolun beynin qan dövranını yaxşılaşdırmaqda rol oynaya biləcəyi qeyd olunub. Yer fıstığında bu maddələrin miqdarı nisbətən az olsa da, tədqiqatçılar onların birgə təsirinin mühüm nəticələr verdiyini bildiriblər.
Bu tapıntılar yaş artdıqca zəifləyən beyin damar funksiyasının qorunması və demans xəstəliyi riskinin azaldılması baxımından yeni imkanlar aça bilər. Alimlərin əvvəlki araşdırmaları da soya və qarışıq qoz-fındıqların oxşar təsirlər göstərdiyini təsdiqləyir.
Şahnigar Əhmədova, "İki sahil"