07 dekabr 2025 17:12
167

Azərbaycan məhsulları daha çox ziyarətçilərin marağına səbəb olub

Ankarada Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirə beynəlxalq xeyriyyə bazarında Ankarada fəaliyyət göstərən 50 ölkənin diplomatik missiyalarını nümayəndələri, onların həyat yoldaşları iştirak edib, o cümlədən mətbuat nümayəndələri, sakinlər qatılıblar.

Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə iki stenddə ölkəmizə məxsus məhsullar nümayiş etdirilib. Səfir Rəşad Məmmədovun xanımı Günel Məmmədova bildirib ki, stendlərdən birində Azərbaycanın çeşidli milli yeməkləri, digərində ölkəmizə məxsus müxtəlif cay və başqa məhsullar, kiçik xalça nümunələri, kəlağayı və digər suvenirlər nümayiş olunub. Sərgi təşkilatçılarının bildirdiyinə görə, Azərbaycan məhsulları daha çox ziyarətçilərin marağına səbəb olub. Tədbirin bədii hissəsində müxtəlif ölkələrə, o cümlədən Azərbaycana məxsus rəqs və şou nümunələri təqdim edilib.

Qeyd edək ki, DMEDD 24 sentyabr 1981-ci ildə Türkiyənin xaricdəki nümayəndəliklərində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan diplomatların və digər nazirlik işçilərinin həyat yoldaşlarının, övladlarının çətin anlarında yanında olmaq məqsədi ilə yaradılıb.

Dərnək illər ərzində öz fəaliyyət sahələrini inkişaf etdirərək, xüsusilə təhsil və səhiyyə sahələrində bir çox yardım fəaliyyətləri həyata keçirib.