07 dekabr 2025 12:26
129

7 Dekabr – Azərbaycan Parlamenti Günü və Dövlətçilik İrsimiz

XX əsrin əvvəlləri dünya siyasi xəritəsində dərin dəyişikliklərin baş verdiyi, milli dövlətçilik ideyalarının gücləndiyi bir dövr idi. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycan xalqı 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etdi və həmin dövlətin mühüm strukturlarından biri kimi parlamentin yaradılması demokratik idarəçilik baxımından xüsusi əhəmiyyət daşıdı. 

7 dekabr 1918-ci ildə fəaliyyətə başlayan Azərbaycan Parlamenti Şərq aləmində ilk parlamentli respublika modelinin tətbiqi ilə tariximizin yeni və misilsiz bir mərhələsini açdı. Müsəlman Şərqində ən mütərəqqi və demokratik prinsiplər əsasında yaradılmış bu parlament çoxpartiyalı struktura malik idi və müxtəlif siyasi qüvvələrin təmsilçiliyi ilə plüralist müzakirə mühitini təmin edirdi. Cəmi 17 ay fəaliyyət göstərsə də, dövlətin hüquqi bazasının formalaşdırılması, idarəetmə sisteminin qurulması, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əsasların yaradılması kimi son dərəcə mühüm vəzifələri icra etdi. Ümummilli lider Heydər Əliyev bu tarixi hadisəni yüksək qiymətləndirərək bildirirdi ki, “1918-ci ildə yaradılmış demokratik respublika bizim tariximizin böyük və parlaq bir mərhələsidir. Biz bu mərhələni layiqincə qiymətləndirməliyik”. O, eyni zamanda bu dövrün nailiyyətləri ilə yanaşı, çətinliklərinin də dərindən araşdırılmasının vacibliyini vurğulayaraq qeyd edirdi ki, “Tarixçilərin borcudur ki, demokratik respublikanın fəaliyyətinin qüsurlarını da bilməliyik ki, o səhvlər bir daha təkrarlanmasın”.  Bu parlamentin yaratdığı ənənələr müasir milli dövlətçilik ideologiyasının təməl mənbələrindən birinə çevrilmişdir.

Azərbaycan parlamentarizminin müasir mərhələsi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə - ölkə ağır siyasi böhran, parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə keyfiyyətcə yeni inkişaf dövrünə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin parlament sədri kimi tarixi missiyası Azərbaycanın dövlətçiliyinin real xilası ilə nəticələndi. O, dövlət hakimiyyəti daxilində legitimliyi bərpa etdi, separatizm və silahlı qarşıdurmaların qarşısını aldı, idarəetmə sisteminin sabitləşməsini təmin etdi və dövlətin hüquqi əsaslarını yenidən qurdu. Bu mərhələdə qəbul edilən qanunlar müasir Azərbaycan dövlətinin hüquqi memarlığının əsasını təşkil etdi. Parlament onun rəhbərliyi dövründə yalnız qanunverici orqan deyil, həm də strateji qərarların qəbul olunduğu, dövlətin gələcək inkişaf yolunun müəyyənləşdirildiyi siyasi mərkəzə çevrildi. Beləliklə, 1993-cü il parlament mərhələsi müstəqil dövlətçiliyin hüquqi, siyasi və institusional bünövrəsinin möhkəmləndirildiyi dönüş nöqtəsi oldu.

Sonrakı dövrdə isə Ümummilli Lider Heydər Əliyev dövlətçilik xəttinin ardıcıl şəkildə davam etdirilməsi müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdi və bu xəttin layiqli davamçısı kimi Prezident İlham Əliyev ölkədə qanunverici hakimiyyətin fəaliyyətinin daha səmərəli və dinamik şəkildə qurulmasına geniş imkanlar yaratdı. Dövlət başçısı kimi həyata keçirdiyi siyasi, institusional və iqtisadi islahatlar Milli Məclisin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratdı, parlamentin müasir dövlət idarəçiliyi sistemində rolunu daha da artırdı. Prezident İlham Əliyevin sözləri ilə desək, “Milli Məclis ölkəmizin sosial-iqtisadi inkişafının və hüquqi dövlət quruculuğunun təmin edilməsində mühüm rol oynayır”.  Bu yanaşma onun qanunverici hakimiyyətin müstəqilliyini və funksional imkanlarını yüksək qiymətləndirdiyini, dövlət başçısı kimi həyata keçirdiyi islahatlarla parlamentin daha effektiv fəaliyyət göstərməsi üçün əlverişli siyasi-hüquqi mühit formalaşdırdığını göstərir. Məhz Prezidentin rəhbərliyi ilə aparılan sistemli islahatlar, yeni iqtisadi modelin tətbiqi, idarəetmənin şəffaflaşdırılması, modern hüquqi çərçivənin qurulması və dövlət prioritetlərinin müəyyənləşdirilməsi Milli Məclisin qəbul etdiyi qanunların mahiyyət etibarilə daha çevik, inkişaf yönümlü və ölkənin strateji hədəflərinə uyğun olmasını təmin etdi. Beləliklə, Prezidentin uzaqgörən siyasəti parlament fəaliyyətinin institusional güclənməsinə, qanunvericilik prosesinin keyfiyyətinin yüksəlməsinə və ümumilikdə Azərbaycan parlamentarizminin yeni mərhələyə qədəm qoymasına dolğun töhfə verdi.

Bildiyimiz kimi, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixində yalnız hərbi-siyasi qələbə olmadı, həm də ölkənin strateji inkişafında yeni mərhələnin başlanğıcı oldu. Qazanılan Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, regionda yeni geosiyasi reallıq formalaşdı və milli dövlətçiliyin gələcək inkişafı üçün fundamental imkanlar yarandı. Bu tarixi dönüşdən sonra başlanan genişmiqyaslı bərpa-quruculuq, reinteqrasiya və sosial-iqtisadi yenidənqurma proseslərinin hüquqi təminatı Milli Məclisin əsas prioritetinə çevrilmişdir. 

Parlament tərəfindən qəbul edilən qanunlar azad edilmiş ərazilərdə infrastrukturun bərpası, “Böyük Qayıdış” proqramının icrası, məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı, mina təhlükəsizliyi, yeni iqtisadi rayonların yaradılması və Qarabağ-Şərqi Zəngəzur üçün xüsusi inkişaf planlarının hazırlanması kimi məsələlərin hüquqi çərçivəsini formalaşdırdı. Bu qərarlar Azərbaycanın post-müharibə dövründə siyasi sabitliyinin, sosial rifahının və strateji inkişafının hüquqi əsaslarını təmin edən mühüm mexanizmlərə çevrilmişdir.
Xüsusi qeyd etməliyik ki, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan və əsrlər boyunca azərbaycanlıların yaşayıb yaratdığı Qərbi Azərbaycana qayıdış arzusu da milli ideoloji düşüncənin mühüm tərkib hissəsidir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və dövlətçilik fəlsəfəsi çərçivəsində bu arzu ərazi iddiası deyil, doğma yurdlarla mənəvi bağların qorunması, tarixi irsin yaşadılması və dinc şəkildə geri dönüşün hüquqi əsaslarının gələcəkdə formalaşdırılmasına yönəlmiş milli istəyin ifadəsidir. Bu ideya həm tarixi ədalətə inamı, həm də bölgədə uzunmüddətli sülh, qarşılıqlı anlaşma və insan hüquqlarına hörmət kimi prinsipləri təcəssüm etdirir. Qərbi Azərbaycana qayıdış arzusu xalqımızın yaddaşında yaşayan, lakin siyasi deyil, humanitar, mədəni və tarixi bağlılıq üzərində qurulan ümummilli bir idealdır və Azərbaycan cəmiyyətinin gələcək nəsillərə miras kimi ötürdüyü mənəvi dəyərdir.
Beləliklə, 7 dekabrdan başlayan parlamentçilik ənənəsi, dövlətçilik dayaqlarının möhkəmləndirilməsi və 44 günlük Zəfərdən sonra formalaşan yeni inkişaf mərhələsi Azərbaycan parlamentarizminin və milli dövlətçilik fəlsəfəsinin ardıcıl inkişaf dövrünü xarakterizə edir. Bu dövr tarixdən gələn zəngin irsi qoruyaraq, müasir çağırışlara cavab verən və gələcəyin ölkəsini daha güclü, sülhsevər və müstəqil qurmağa yönəlmiş strategiyaları reallaşdıran bir mərhələdir. 
Tarixdən götürülən dərslərin və dövlətçilik ənənələrinin qorunması və davamlı şəkildə inkişaf etdirilməsi sayəsində gələcək nəsillərin bu yolu daha da irəli aparacağına və Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirəcəyinə inanıram.

Əziz həmvətənlər!
Sizin hər birinizi 7 Dekabr – Azərbaycan Parlamenti Günü münasibətilə ürəkdən təbrik edir, dövlətimizin inkişafı və xalqımızın rifahı yolunda uğurların davamlı olmasını arzulayıram.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri