Azərbaycan əleyhdarları olan xarici dairələrin maliyyəsi və sifarişləri ilə fəaliyyət göstərən, hakimiyyət uğrunda mübarizədə ən iyrənc, normal siyasətçiyə yaraşmayan, qəbuledilməz vasitələrdən istifadə edən AXCP sədri Əli Kərimli, onun marionetkası olan “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun Koordinasiya Şurasının üzvlərindən olan Gültəkin Hacıbəylinin siyasətdə qalma müddətləri başa çatmaqdadır. Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat-axtarış tədbiri nəticəsində beşinci kolonun bir sıra xəyanətkar ünsürləri ifşa edildi, saxlanıldı və ifadə verdi. Sözügedən şəxslər uzun illərdir ki, böyük qurbanlar, itkilər hesabına qurulan əzəmətli Azərbaycan dövlətini xaos və anarxiya girdabına sürükləyib, məhv etməyə çalışırlar. Lakin aparılan araşdırmalar nəticəsində aydın oldu ki, özünü uzun müddət sadiq dövlət məmuru kimi göstərən Ramiz Mehdiyev, dövlət daxilində eyni zamanda öz məkirli niyyətlərini həyata keçirmək üçün müəyyən fəaliyyətlər göstərib. Həmişə radikal ritorika sərgiləyən, barışmaz müxalifət kimi özünü göstərən Əli Kərimli və onun saxta komandasını Ramiz Mehdiyev idarə edirmiş. Belə ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli Rusiyanın sifarişlərinə və Ramiz Mehdiyevin maliyyə vəsaitlərinə həvəslənib xalqa yenidən acılar yaşatmağa çalışıblar. AntiAzərbaycan dairələrin və ermənipərəst qüvvələrin maliyyəsi ilə yemlənənlər, onların çirkli pulları ilə səhər-axşam Azərbaycan əleyhinə zingildəşənlər “demokrat” mantiyasına bürünüb, müxalifət maskası altında gizlənənlər fəaliyyətlərini Rusiyanın xüsusi xidmət orqanlarının planları altında həyata keçirdiklərini sübut etmiş oldular. Ramiz Mehdiyevin adının ötən ay geniş ittiham paketi ilə gündəmə gəlməsi də bu məsələlərin ifşasından sonra təsadüfi deyil. Onun uzun illər ərzində rus siyasi dairələri ilə yaxın əlaqələri, postsovet şəbəkələrindəki təsiri və müəyyən qruplarla gizli münasibətləri bu gün yeni işıq altında dəyərləndirilir.
Şübhəsiz, “beşinci kolon” roluna hazır olduğunu lazımi ünvanlara çatdıran bu müxalifətçilərin və onların ölkədəki himayədarının əsas məqsədi Azərbaycanın davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir. Doğrudan da, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı cəhənnəm atəşinə atan İ.Qəmbər, A.Hacılı, Ə.Kərimli, C.Həsənli kimilər bu gün də öz bəd əməlləri, çirkin xislətləri ilə Azərbaycanımıza oddan köynək biçmək istəyirlər. Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi demokratik Azərbaycan deyil. Bu antimilli ünsürlərin əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Bu mənada, məsul qurumların belə bir araşdırma aparması, belə addım atması və bu istiqamətdə fəaliyyət göstərməsi çox önəmlidir və xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizə qarşı yönəlmiş təxribatların və xoşagəlməz halların qarşısı ən qısa zamanda alınmalıdır. Bu məsələlərlə bağlı barışmaz və qəti mövqe sərgilənməlidir. Xəyanət bağışlanmamalıdır və heç zaman da bağışlana bilməz. Hazırda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər çox vacib və önəmlidir və Azərbaycan xalqı tərəfindən də yüksək qiymətləndirilir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı