İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Əbdülrəhim Dadaşovun həmmüəllifi olduğu “Agricultural lands in Azerbaijan: Current usage situation, problems and solutions” (Azərbaycanın kənd təsərrüfatı torpaqları: mövcud istifadə vəziyyəti, problemlər və həll yolları) mövzusundakı məqalə Çin Xalq Respublikasının Çjecianq Kənd Təsərrüfatı və Meşəçilik Universitetinin nüfuzlu “Agricultural & Rural Studies” jurnalında çap olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycanın ərzaq təhlükəsizliyi və aqrar sahənin dayanıqlı inkişaf məqsədləri fonunda torpaq resurslarının səmərəli istifadəsi xüsusi əhəmiyyət kəsb edir. Məqalədə ölkənin kənd təsərrüfatı torpaqlarının real istifadə səviyyəsi ilə məhsuldarlıq potensialı arasındakı fərq araşdırılıb. Araşdırma nəticələri göstərib ki, Azərbaycanda torpaqların potensialının yalnız 65%-ə qədəri reallaşdırılır və əsas məhdudlaşdırıcı amillər kimi duzluluq, eroziya və suvarma çatışmazlığı ilə bağlı uyğunsuzluqlar önə çıxır. Araşdırma nəticələri torpaqların bərpası, suvarma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal kadastr sisteminə keçidin həm iqtisadi, həm də ekoloji baxımdan yüksək səmərə verdiyini təsdiqləyir. Eyni zamanda, tədqiqat zamanı ilk dəfə tətbiq olunan Torpaq Səmərəliliyi İndeksi (LEI) əsasında ölkə üzrə torpaq keyfiyyəti, su təminatı və institusional idarəetmə arasındakı qarşılıqlı təsiri ölçmək bu boşluğun elmi əsaslarını daha dəqiq şəkildə ortaya qoyur.
Qeyd edək ki, 2023-cü ildən nəşr olunan “Agricultural & Rural Studies” jurnalında dərc edilən məqalələr “Scopus” bazası tərəfindən indeksləşdirilir. Jurnalda çap olunan məqalənin digər həmmüəllifləri iqtisad elmləri doktoru, professor Akif Vəliyev, iqtisad üzrə fəlsəfə doktorları Vüsalə Babayeva və Gülnarə Cəfərova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Xəyyam Cavadzadədir.