"Azərbaycan dövlətinin maraqlarına və xalqımızın mənafeyinə qarşı çıxmaq, ölkəmizdəki sabitliyə və inkişafa xələl yetirmək, respublikamızın beynəlxalq imicinə kölgə salmaq radikal müxalifətin və onların rəhbərlərinin fəaliyyətinin əsasını təşkil edir. Hakimiyyətə gəlmək üçün düşmənlərlə belə əməkdaşlığa hazır olan bu dairələrin zaman - zaman əməlləri ifşa olunub. Bu xüsusda AXCP və onun sədri Əli Kərimli, “Milli şura” həmişə "fəallıq" göstəriblər ".
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Əli Kərimli, Cəmil Həsənli kimilərinin öz cılız məqsədləri və maddi maraqlarını təmin etmək naminə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərini təsdiq edən kifayət qədər faktlar mövcuddur. Son vaxtlar açıqlanan məlumatlar, orta çıxan faktlar radikalların hətta vaxtilə hakimiyyətdə yüksək vəzifə tutan şəxslərlə işbirliyində olduğunu təsdiqləyir. Belə ki, radikalların Ramiz Mehdiyevlə əməkdaşlıq etdiyi və onun tapşırıqlarını yerinə yetirdiyi ortaya çıxıb.
Yayılan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) AXCP sədri Əli Kərimlinin evində axtarış aparıb. Axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər. Bildirilir ki, proses Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparılır. Cəmil Həsənli və digərləri də proses çərçivəsində dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədən deportasiya edilib.
Millət vəkilinin sözlərinə görə, Əli Kərimlinin Rusiya ilə əlaqəli fəaliyyətdə olması və onun əməllərinin əsas hədəfinin Azərbaycan dövlətçiliyinə qarşı yönəlməsi yeni bir hal deyil. Hələ 2018-ci ildə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilirdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurum ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. Həmin əməllərin törədilməsində qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov və digərlərinin adı qeyd edilirdi. Faktlar göstərir ki, bu qrup dövlətə xəyanət içindədir. Onlar hakimiyyətə gəlmək üçün hər cür təxribatlara əl atmaqdan da çəkinmirlər.
"Lakin bir məqamı unudurlar ki, dövlətimiz və onun müvafiq orqanları ayıq-sayıqdır. Milli maraqlarımıza və həmrəyliyimizə heç bir qüvvə zərər vura bilməz. Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit şəraitin yarandığı bir vaxtda bu dairələr kimlərinsə maraqları naminə pozuculuq fəaliyyəti göstərməyə çalışır. Dövlətimiz hər zaman ayıqdır və belə cəhdlərin qarşısını almağa qadirdir. Şübhə yoxdur ki, istintaq nəticəsində hər kəs layiq olduğu cəzanı alacaq"-deyə Sevinc Fətəliyeva vurğulayıb.
Azərbaycan və Çin mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər