01 dekabr 2025 12:46
627

Prezidentin köməkçisi: Azərbaycan Aİ ilə enerji əməkdaşlığını dərinləşdirməyə hazırdır

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində bildirib.

"H.Hacıyev bəyan edib ki, Azərbaycan enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə hazırdır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa maliyyə institutlarına qaz infrastrukturu məsələlərində daha çox çeviklik göstərmək çağırışlarını da dəstəkləyir", - "EU Today" qeyd edib.

Qeyd olunur ki, 2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə təxminən 11,7 milyard kubmetr Azərbaycan qazı idxal edib ki, bu da 2021-ci ildəki 8 milyard kubmetrdən çoxdur, 2022-ci il sazişi isə 2027-ci ilə qədər həcmin ən azı 16 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur.

H.Hacıyev bildirib ki, Trans-Adriatik Boru Kəmərinin və əlaqədar infrastrukturun daha da genişləndirilməsi Avropa tərəfindən "səmimi maraq" və uzunmüddətli müqavilə öhdəliklərinin olması halında mümkün olacaq.

H.Hacıyev perspektivlərdən bəhs edərkən bərpa olunan enerji mənbələrinə də diqqət çəkib.

Azərbaycan Energetika Nazirliyi ölkədə bərpa olunan enerji mənbələrinin texniki potensialını quruda təxminən 135 giqavat, dənizdə isə, əsasən Xəzər dənizində, 157 giqavat olaraq qiymətləndirir. Prezident İlham Əliyev 2030-cu ilə qədər təxminən 6 giqavat bərpa olunan enerji gücünə (günəş və külək elektrik enerjisi) nail olmaq hədəfini elan edib. Artıq planlaşdırılan layihələrin təxminən 10 giqavatını əhatə edən müqavilələr və memorandumlar imzalanıb.

"2030-cu ilə qədər Azərbaycan 6 GVt bərpa olunan elektrik enerjisi istehsal etmək imkanına malik olacaq", - o bildirib.

H.Hacıyev qeyd edib ki, bu, Avropaya ixrac üçün daha çox qazın azad edilməsinə imkan verəcək.