26 noyabr 2025 13:35
230

“Küldə şərqi deyənlər” sənədli filminin təqdimat mərasimi keçirilib - FOTO

Noyabrın 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında İttifaqın İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovun bu ilin yanvar ayında Cənubi Kaliforniyada baş vermiş dəhşətli meşə yanğnlarından bəhs edən “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  film Real Televiziyasının reportajları (müəllif Kamran Qasımov), Fox Televiziyasının materialları, eləcə də Kamran Qasımovun şəxsi arxivi əsasında hazırlanıb.

28 dəqiqəlik ekran işində Kamran Qasımov Los Anceles əyalətində baş vermiş dəhşətli meşə yanğınları və onun fəsadlarını çəkib. Kino tənqidçi Sevda Sultanovanın moderatorluğu ilə baş tutan nümayişdən öncə rejissor Kamran Qasımov bu ilin yanvar ayında şahidi olduğu yanğınlardan danışıb, nümayişə gələnləcə minnətdarlığını bildirib.

Qeyd edək ki, filmdə yanğından əziyyət çəkən insanlar, yanğınsöndürənlər, eləcə də Los Anceles merinin müsahibələri yer alıb. Nümayişdən sonra millət vəkilləri, kinematoqrafçılar, ictimaiyyət nümayəndələri çıxış edərək, filmlə bağlı təəssüratlarını bölüşüblər. Qeyd edək ki, Kamran Qasımov Los Ancelesdə baş vermiş yanğınları işıqlandırmış yeganə azərbaycanlı jurnalist olub. Film Azər Əsgərovun dəstəyi ilə ərsəyə gəlib. Film Azernyumedia şirkətində istehsal olunub.