Azərbaycan nümayəndə heyəti olaraq biz Vaşinqton səfərimizdə həm Senat, həm də Konqresdə çox intensiv görüşlər keçiririk və ölkəmizin reallıqları, Azərbaycanın əldə etdiyi uğurlar, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın qlobal siyasətdə oynadığı rolu müzakirə edirik.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında nümayəndə heyətinin tərkibində ABŞ-da səfərdə olan Milli Məclisin üzvü Tural Gəncəli deyib. O bildirib ki, Amerika Konqresi və Senatında Azərbaycana maraq çox böyükdür: “Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıqlar, yeni geosiyasi dəyişikliklər bütün Amerika təsisatlarını cəlb edir. Biz təbii ki, bütün görüşlərimizdə həm 907-ci düzəlişin birdəfəlik ləğvini, həm də Amerika-Azərbaycan münasibətlərində bizi daha da yaxınlaşdıra biləcək bəzi məsələləri müzakirə edirik”.
Deputat bildirib ki, Azərbaycan dövlətinin, liderinin yaratdığı yeni reallıq fonunda Vaşinqtona səfər bir daha Azərbaycanın gücünü göstərir: “Artıq birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan həqiqətən də qlobal oyunçuya çevrilib və dünyanın siyasi mərkəzi sayılan Vaşinqtonda bu yeni reallıq Amerika siyasətçiləri, təsisatları tərəfindən qəbul edilməkdədir”.