18 noyabr 2025 12:44
83

160-dan artıq ölkədən 2500 iştirakçı, 60 ölkədən nazir...

Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) ikinci günü müxtəlif tədbirlər və panel sessiyalarla davam edir.

“İki sahil” xəbər verir ki, “WTDC-25” kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, informasiya və kommunikasiya texnologiyaları tətbiqləri, innovasiya, İKT üzrə statistika və indikatorlar, İKT-nin tənzimlənməsi və digər bu kimi sahələr üzrə inkişafa dair mövzuları, layihələri və proqramları əhatə edir.

Tədbirə ABŞ, Almaniya, Türkiyə, Rusiya, Fransa, İsrail, Yaponiya, Çin, Tailand, İsveçrə, Yunanıstan, Malayziya, Slovakiya, Qazaxıstan daxil olmaqla 160-dan artıq ölkədən 2500 iştirakçı qatılıb. Təxminən 60 ölkədən nazir və nazir müavini səviyyəsində nümayəndələr iştirak edirlər.

Konfransın ümumi nəticələri arasında: Rəqəmsal inkişaf üçün qlobal yol xəritəsinin (2026 – 2029) qəbul edilməsi; Qlobal səviyyədə razılaşdırılmış Bəyannamə və Fəaliyyət Planının hazırlanması; Yeni regional təşəbbüslərin müəyyənləşdirilməsi; Qlobal səviyyədə telekommunikasiyanın inkişaf prioritetlərinin müəyyən edilməsi; Ən az inkişaf etmiş ölkələrin (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDCs) və kiçik ada və inkişaf etməkdə olan dövlətlərin (SIDS) rəqəmsal inkişaf ehtiyaclarının həll edilməsi məsələləri diqqət mərkəzində olacaq.

Tədbirə həmçinin 500-dən artıq gənc qatılıb. Bakıdakı konfransda həm beynəlxalq, həm də yerli gənclərin iştirakı onlara qlobal texnoloji tendensiyalarla tanış olmaq və beynəlxalq tərəfdaşlıqlar qurmaq üçün imkanlar yaradır.

Qeyd edək ki, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədilə BTİ tərəfindən 4 ildən bir keçirilən tədbirdir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilən bu tədbirin mövzusunu “inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” təşkil edir.

“WTDC”yə MDB regionunda ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək. Bu da öz növbəsində regionda texnoloji və elmi sahələrdə, habelə rəqəmsallaşmada rolumuzu daha da möhkəmləndirəcək və ölkəmizin beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək.