18 noyabr 2025 12:41
148

Basqal qəsəbəsində köhnə məktəb binası yenidən bərpa ediləcək - Murad Ağabəyli

Basqal qəsəbəsində yerləşən köhnə məktəb binası yenidən bərpa ediləcək.  

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib. 

Onun sözlərinə görə, məktəb binası sənətkarlıq mərkəzi və qonaq evi kimi bərpa ediləcək: "Artıq binanın bərpa layihələndirilməsi tamamlanıb və növbəti illərdə tikinti işlərinə başlanılacaq. Köhnə məktəb binasının layihəsi hazırdır. Bu bina məktəb funksiyasını davam etdirməyəcək. Onun yuxarı hissəsi 5–6 otaqlı guesthouse(qonaq evi) , aşağı hissəsi isə sənətkarlar üçün emalatxana və sənətkarlıq məkanı kimi fəaliyyət göstərəcək". 

M. Ağabəyli qeyd edib ki, yeni konsepsiya Başqalın tarixi-mədəni mühitinə uyğun olaraq müəyyən edilib və qəsəbədə sənətkarlığın inkişafına dəstək vermək məqsədi daşıyır: “Burada yaradılacaq sənətkarlıq məkanı həm yerli ustalar, həm də turistlər üçün açıq olacaq. Məqsəd həm ənənəvi sənətlərin qorunması, həm də qəsəbənin turizm potensialının artırılmasıdır". 

O bildirib ki, bərpa zamanı binanın tarixi memarlıq xüsusiyyətləri maksimum dərəcədə saxlanılacaq və bütün işlər qoruq qaydalarına uyğun aparılacaq.

M.Ağabəyli əlavə edib ki, qəsəbədə ümumilikdə bərpa prosesi davam edir, tarixi strukturlar yenilənir, küçələr, divarlar və bulaqlar mərhələli şəkildə restavrasiya olunur.

Orxan Vahidoğlu, "İki sahil"