18 noyabr 2025 12:40
92

Naxçıvan şəhərində 172 yaşayış binası və 400-ə yaxın obyekt fasiləsiz istiliklə təchiz olunur

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi tərəfindən Naxçıvan şəhərinin fasiləsiz istiliklə təchiz olunması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər görülür.

“İki sahil” xəbər verir ki,  Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2025-2026-cı illərin qış mövsümünə hazırlıqla əlaqədar bütün qazanxanalara baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenilənib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub. İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib. Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının istiliklə etibarlı təmin olunmasına hərtərəfli şərait yaradılıb.

Artıq bütün obyektlərin istiliklə təminatına start verilib. Hazırda Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 39 fərdi qazanxana vasitəsilə 172 yaşayış binası, eləcə də 7 min 300-ə yaxın mənzil və 400-ə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir.

Qeyd edək ki, mövcud inzibati və çoxmənzilli yaşayış binalarının istilik sisteminin yenidən qurulması ilə əlaqədar olaraq istilik şəbəkəsi ildən-ilə genişləndirilir, müasir texnoloji avadanlıqlar istifadəyə verilib.