18 noyabr 2025 00:35
96

İqtisadi marşrutdan geosiyasi reallığa - Zəngəzur dəhlizi

Orta Dəhlizin əsas komponenti olan Zəngəzur dəhlizi bu gün dünya diplomatiyasının diqqət mərkəzindədir və nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Dünyada mövcud olan hərbi münaqişələr və toqquşmalar, ekoloji böhranlar fonunda quru yol əlaqəsi ən etibarlı nəqliyyat xətti kimi özünü isbat etməkdədir. Bu baxımdan Azərbaycanın səyləri əsasında formalaşan və reallığa çevrilən Orta Dəhliz layihəsi Şərq-Qərb tranzit imkanlarını genişləndirməklə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin də reallığa çevrilməsini özündə ehtiva edir. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunmuş beynəlxalq səviyyəli aeroportların yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlirlər əldə edəcək.

Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürmək imkanı qazanacaq. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan ərazisində avtomobil və dəmir yolu xətlərinin inşası gələn ilin ortalarında tam başa çatacaq. Bu, Bakının artıq layihəni öz ərazisində prioritet milli infrastruktur kimi qəbul etdiyini göstərir. Mövcud plana əsasən, 15 milyon ton illik yük dövriyyəsi nəzərdə tutulur. Dəhliz həm dəmir yolu, həm də avtomobil nəqliyyatı üçün ən yüksək texniki standartlarla inşa edilir. Layihə Orta Dəhlizin yeni qolunu formalaşdırır. Beləliklə, Zəngəzur dəhlizi yalnız bir tranzit xətti deyil, həm də Azərbaycanın logistika mərkəzi statusunu möhkəmləndirən strateji infrastruktur olacaq. Bakı, Ələt Beynəlxalq Dəniz Limanı və Horadiz-Ordubad-Naxçıvan istiqamətində inşa olunan dəmir yolları birlikdə bu yeni iqtisadi arteriyanın əsas dayaqları kimi çıxış edir.

Hazırda bölgəmizdə Orta Dəhlizlə bağlı əsas təşəbbüslə çıxış edən Azərbaycan bütün tərəflərlə səmərəli və qarşılıqlı maraqlara söykənən fəaliyyət aparır və bölgənin rifahına xidmət edən mövqe sərgiləyir. Artıq Qərbin aparıcı dövlətləri və Asiya regionun əksər ölkələri tərəfindən bu layihəyə müsbət mövqe və dəstək nümayiş etdirilir. Xüsusən Qərbin, ABŞ-ın Mərkəzi Asiya regionuna artan diqqəti fonunda bunu qeyd etmək yerinə düşər. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri məhz şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. “Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir”.

Bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir. Dövlət başçısı əlavə edib: “Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək”.

Qeyd edək ki, Orta Dəhliz dedikdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu nəzərdə tutulur. Bu dəhliz şimal, mərkəzi və cənub olmaqla üç tranzit qoldan ibarətdir və onların hər biri inkişafın müxtəlif mərhələlərindədir. Bu günə qədər ən səmərəli fəaliyyət göstərən marşrutlar Qazaxıstan ərazisindən keçən istiqamətlərdir. Eyni zamanda, Qırğızıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçən cənub marşrutu müəyyən infrastruktur və logistika çətinlikləri ilə üzləşir. Dənizə birbaşa çıxışı olmayan dövlət kimi Özbəkistan üçün etibarlı və səmərəli nəqliyyat dəhlizlərinin yaradılması xüsusilə vacibdir. Bu cür dəhlizlər həm logistik xərcləri azaltmağa, həm də milli ixracın rəqabət qabiliyyətini artırmağa imkan verir. Bununla yanaşı, ölkənin tranzit potensialının inkişaf etdirilməsi də mühüm vəzifə kimi qarşıda durur. Tranzit yükdaşımalarından əldə olunan əlavə gəlirlər Özbəkistan üçün mühüm iqtisadi imkanlar yaradır. Bu baxımdan, Orta Dəhlizin cənub marşrutunun daha da inkişaf etdirilməsi strateji əhəmiyyət kəsb edir. Hərçənd bu istiqamət hələlik yükdaşımaların həcminə görə digər marşrutlardan geri qalır, lakin fəal şəkildə istifadə olunmaqdadır. Xatırladaq ki, 2018-ci ildə Özbəkistanın təşəbbüsü ilə Mərkəzi Asiyanı Çinlə birləşdirən “Kaşqar–İrkəştam–Oş–Əndican–Daşkənd” avtomobil dəhlizi istifadəyə verildi. 2024-cü ilin dekabr ayında isə tərəflər “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolunun tikintisinə start verdilər ki, bu da regionda əlaqələrin möhkəmləndirilməsi baxımından böyük nailiyyət hesab olunur.

Sevinc Azadi, “İki sahil”