17 noyabr 2025 12:43
77

Azərbaycan-Özbəkistan: çoxşaxəli işbirliyi regional təhlükəsizliyə mühüm töhfədir

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə regionda formalaşan yeni geosiyasi reallıqların dərin təhlilini nümayiş etdirir. Bu müsahibə, həmçinin artıq Türk dünyasını birləşdirən geniş əməkdaşlıq modelinin əsas istiqamətlərini ortaya qoyur. Sözügedən məsələlər yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də Mərkəzi Asiya və Xəzər hövzəsində strateji tərəfdaşlığın gələcəyini aydın şəkildə təcəssüm etdirir.

Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq tarixi kökləri, mədəni irsi və etnik yaxınlığı ilə böyük bir geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi hər iki tərəfin fiziki sərhədlərini ayırsa da, əslində, bu regionun ən mühüm birləşdirici amilidir. Müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə dövlət başçısının üçüncü dəfə iştirakı da bu əməkdaşlığın ardıcıl və uzunmüddətli siyasi xəttə çevrildiyini göstərir. 2023-cü ildə Düşənbə və 2024-cü ildə Astanada keçirilən görüşlərdən sonra növbəti iclasın Daşkənddə keçirilməsi regional məsləhətləşmə mexanizminin artıq institusional xarakter aldığını nümayiş etdirir.

Müsahibənin mühüm məqamlardan biri Azərbaycanla Özbəkistan arasında qurulan müttəfiqlik münasibətləri ilə bağlıdır. Bu əməkdaşlığın təməlində ortaq mədəni dəyərlər, mənəvi əlaqələr, dil və etnik yaxınlıq dayanır. Lakin bu münasibətləri daha da gücləndirən əsas amillərdən biri iki dövlət başçısı arasında formalaşmış şəxsi etimad və səmimi dostluqdır. Son illər ərzində qarşılıqlı çoxsaylı dövlət səfərləri artan dinamika ilə inkişaf edən münasibətlərin real yüksəlişindən xəbər verir. Həm Bakıda, həm də Daşkənddə imzalanan sənədlər – Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri gələcək əməkdaşlıq üçün yol xəritəsini müəyyən edir.

Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək xüsusi minnətdarlıqla qeyd olunur. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası həm humanitar həmrəylik, həm də qardaş ölkənin siyasi dəstəyinin təzahürüdür. Müsahibədə dövlətimizin başçısı “Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik”, - deyə vurğulayıb.

Azərbaycan və Özbəkistan tərəfindən yaradılmış Ali Dövlətlərarası Şura münasibətlərin institusional əsasda inkişafına xidmət edən əsas mexanizmlərdən biridir. Artıq iki iclas keçirilib və bu format siyasi-iqtisadi və humanitar əməkdaşlıq istiqamətlərində koordinasiyanın daha səmərəli həyata keçirilməsinə imkan yaradır.

Dövlətimizin başçısının müsahibəsində ölkələrimiz arasında nəqliyyat-logistika əməkdaşlığı əsas strateji xəttlərdən biri kimi təqdim olunur. Orta Dəhliz üzrə əməkdaşlığın genişlənməsi həm ikitərəfli, həm də regional miqyasda ciddi üstünlüklər yaradır. 2024-cü ildə qarşılıqlı tranzit daşımalarının 18 faiz artması və həcmin 1,3 milyon tonu keçməsi əməkdaşlığın dinamik inkişafını göstərir. 2025-ci ilin ilk doqquz ayı üzrə göstəricilər bu tempin davam etdiyini nümayiş etdirir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, ticarət donanması və beynəlxalq hava limanları Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu gücləndirir. Zəngəzur dəhlizinin açılması isə bütün Mərkəzi Asiya üçün yeni nəqliyyat alternativləri və iqtisadi üstünlüklər vəd edir.

Energetika sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin strateji vasitələrindən biridir. SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsullarını ixrac etməsi, neft-qaz texnologiyaları üzrə birgə müəssisənin fəaliyyəti və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji inteqrasiyası layihələri regionun enerji təhlükəsizliyinə və yaşıl enerji strategiyasına yeni perspektivlər açır. 2024-cü ildə imzalanan sazişlər enerji sistemlərinin qarşılıqlı inteqrasiyasına, bərpaolunan mənbələr üzrə əməkdaşlığa və ümumi enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.

Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə ikitərəfli əlaqələr çərçivəsini aşaraq daha geniş regional əməkdaşlıq modelinin mühüm dayağına çevrilib. Bu müttəfiqlik həm Türk Dövlətləri Təşkilatı daxilində, həm də Mərkəzi Asiya və Xəzər regionunda birliyə, inteqrasiyaya və sabitliyə yeni təkan verir.

Prezident İlham Əliyevin Özbəkistana qarşıdakı səfəri ilə bağlı ifadə etdiyi fikirlər isə dost ölkənin dinamik inkişafına verilən yüksək dəyərin və sarsılmaz həmrəyliyin növbəti təsdiqidir. Hər iki ölkədə həyata keçirilən islahatlar, müasirləşmə və modernləşmə prosesləri regionda yeni inkişaf modelinin formalaşdığına işarə edir.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı