17 noyabr 2025 13:48
101

“Azərpoçt” MMC və “Silk Way West Airlines” poçt və e-ticarət logistikasının inkişafı üzrə əməkdaşlıq memorandumu imzalayıblar

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC və regionun aparıcı yükdaşıyıcılarından olan “Silk Way West Airlines” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum poçt logistikası, hava nəqliyyatı və e-ticarət daşımaları sahələrində tərəfdaşlığın gücləndirilməsini və qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda beynəlxalq və yerli yük daşımaları, poçt çeşidlənməsi, anbar xidmətləri və logistika proseslərinin optimallaşdırılması kimi istiqamətlərdə strateji əməkdaşlığı müəyyən edir. Hər iki qurum öz təcrübə və infrastruktur imkanlarını birləşdirərək Azərbaycanın daxilində və xaricində poçt və yükdaşımanın səmərəliliyini artırmağı hədəfləyir.

Memoranduma əsasən, “Azərpoçt” beynəlxalq e-ticarət bağlamalarının və poçt göndərişlərinin Bakıya və digər istiqamətlərə daşınması üçün “Silk Way West Airlines”a məxsus qlobal uçuş şəbəkəsindən istifadə edəcək. Bu, yük həcmini artıracaq, eyni zamanda ölkə daxilində çeşidləmə, son çatdırılma və emal əməliyyatlarını təmin edəcək.

Qeyd edək ki, əməkdaşlıq, həmçinin Ələt Azad İqtisadi Zonasında yeni imkanların yaranmasına təkan verəcək. Tərəflər burada birgə logistika həlləri və müasir paylama modellərinin tətbiqini planlaşdırır.