17 noyabr 2025 13:11
87

Azərbaycan Mərkəzi Asiyanı regional və beynəlxalq proseslərin daha fəal iştirakçısına çevirəcək

Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə həm bu region, həm də Azərbaycan üçün tarixi qərar qəbul edildi.  Belə ki, Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması həmrəyliyi gücləndirərək, qarşılıqlı fayda gətirəcək və hər iki region bundan yararlanacaq. Orta Asiya ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, “Mərkəzi Asiya+” formatı bu regionun beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. 
Azərbaycanın siyasi və iqtisadi gücü, qlobal aktor kimi artan rolu Cənubi Qafqazla Mərkzi Asiya regionu arasında münasibətlərin dərinləşməsinə zəmin yaradır. Hər zaman Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrə malik olan ölkəmiz artıq bu regionun bütün müzakirələrində tamhüquqlu üzv kimi təmsil olunacaq. Məlum olduğu kimi, son vaxtlar Mərkəzi Asiya və Cənubi Qazfqaz regionu xüsusi diqqət mərkəzindədir. Hər iki regionun əlverişli coğrafi mövqeyi, burada mövcud olan təbii resurslar, həmçinin yeni yaradılan strateji nəqliyyat infrastrukturu qarşılıqlı əməkdaşlığın dərinləşməsini şərtləndirir. Yeni reallıqlar fonunda region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Xüsusilə ABŞ və Avropa İttifaqının Mərkzi Asiyaya xüsusi diqqət yetirdyini görürük. Bir müddət əvvəl Səmərqənddə Aİ-Mərkəzi Asiya müzakirələri keçirildi, bu günlərdə isə region ölkələrinin dövlət başçıları ABŞ-yə dəvət olundu. Bu vaxta qədər mineral resurslar, energetika və nəqliyyat sahəsində ümumilikdə 17 milyard dollarlıq saziş imzalanıb. 
Mərkəzi Asiyanın malik olduğu iqtisadi potensial, xüsusilə Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin işə düşməsi isə bütün tərəflər üçün yeni imkanlar açacaq. Azərbaycanın həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri ilə strateji münasibətləri ölkəmizin bu platformada təmsilçiliyini zəruri edirdi.  O da aydındır ki, Orta Asiyaya ən əlverişli çıxış məhz Cənubi Qafqaz regionu  və Xəzər üzərindən təmin olunur.  Məşvərət görüşündə də qeyd olundu ki, Azərbaycanın iştirakı ilə formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq perspektivləri açacaq.
Təsadüfi deyil ki, son üç ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib, sözügedən region ölkələrinin dövlət başçılarının isə Azərbaycana 23 dəfə səfər ediblər. Cənab Pezident bir daha vurğuladı ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.”
Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpüdür. Azərbaycanın Mərkəzi Asiyada artan rolu bu regionu regional və beynəlxalq proseslərin daha fəal iştirakçısına çevirəcək.

Könül Nurullayeva,
Milli Məclisin deputatı