Kitabın redaktoru Vaqif Osmanlıdı
Kəlağayı sülh, barış rəmzidir. Sehirli incəliyi ilə üzüyün ortasından keçən kəlağayı millətin varlığının keşikçisidir, qadınların təkcə başlarını yox, həm də bütün varlığını, əxlaq dünyasını qoruyur.
Xanım-xatın ağbirçək nənələr, ismətli qızlar, gəlinlər, nazlı-qəmzəli el gözəlləri deyəndə gözlərimin önünə abırlı, həyalı, əhdinə, sevgisinə sadıq, ismətli, düşməninin qarşısına mərdi-mərdanə çıxan Azərbaycanın qızı gəlir. Onların gül çöhrəsini daha da cazibədar, başını uca edən, gözəlliyinə gözəllik, zərifliyinə zəriflik, duruşuna, yerişinə incəlik qatan kəlağayıda milli ruh, milli mənlik, milli qürur, ismət, namus, ləyaqət, bir çox xalqların xarakterində tapılmayan ali milli mənəvi dəyərlər yaşayır. Millilik xalqın özüdür.
Kəlağayı Azərbaycan qadınının milliliyinin nişanəsidir. İnanmıram ki, hansısa bir xalqda baş örtüyü bu qədər müsbət emosiya, mənəvi kriteriyalar daşısın. Bunlar dövlət quruculuğu, sözü, sənəti eramızdan çox-çox əvvəllərə gedib çıxan böyük Türklərin dünyagörüşüdür, əxlaqıdır, şərəfli ömür yolunun timsalıdır. Kəlağayı o qədər ulu və müqəddəsdir ki, varlığı bizi qoruyub – dünən də, bu gün də, sabah da.
Kəlağayı niyə mənim üçün əziz, doğmadı? Kəlağayı sevgimin təməlini nənəm qoyub, onu ilk dəfə hələ uşaq ikən nənəmdə görmüşəm və sevmişəm. Nənəm sandığını açıb iki – noxudu və qara rəngli kəlağayısından birini - noxudu kələğayını mənə hədiyyə etdi və dönə-dönə tapşırdı ki, bu nənənin gəlinlik hədiyyəsidi, urvatıdı, yaxşı saxla, göz bəbəyin kimi qoru. Uşaq idim, kəlağayının Türk xanımlarının həyatındakı rolunu və nənəmin təkidli tapşırığını yaxşı anlamırdım. Böyüdükcə anladım ki, kəlağayı nənəmin nənəsindən gələn üz aydınlığıdı. Babamın babasının ömür-gün yoldaşına hədiyyə etdiyi gözəllikdi, yaraşıqdı. Kəlağayının hikmətini öyrəndikcə, bütün ömrümü kəlağayıya bağladım, nənəmin əmanətini qorudum və xeyli vaxtdır ki, təblğ edirəm. Əminəm ki, nənəmin ruhu şaddır, ərköyün Güllüsünə hər gün alqış edir.
Hər il yeni layihələrimiz çərçivəsində müxtəlif festivallar, “Sazlı, Sözlü Kəlağayı Günləri”, "Kəlağayı Günləri 2025" layihələri həyata keçirməklə, kitab təqdimatları və başqa tədbirlərlə kəlağayısevərləri sevindirməkdə davam edirik. 2025-ci ildə də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi növbəti yeniliklərə imza atmağı qarşısına məqsəd qoyub və bu yolda böyük uğurlar qazanıb.
Ədəbiyyat tarixini araşdıranda məlum olur ki, son illərdəki qədər kəlağayıya həsr olunan, təbliğ edən bədii əsərlər yazılmayıb. 2025-ci ildə də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi bu ənənəni yorulmadan davam etdirməyi qarşısına məqsəd qoyub.
Son illər ədəbiyyatımızda Azərbaycan xanımlarının qədim və uzunömürlü baş örtüyü, yaraşıq və ismət rəmzi kəlağayını vəsf və təbliğ edən, unudulmasına imkan verməyən kitablar nəşr olunub. Güllü Eldar Tomarlının müəllif olduğu, təqdim və tərtib etdiyi
"Azərbaycan kəlağayısı minillərin yadigarı", "Kəlağayı əlvan qıyqacı", "Anam kəlağaylı bir muöamıydı", "Anam- kəlağaydı,kəlağay- anam", "Babamın papağı, nənəmin kəlağayısı", "Kəlağayı milli sərvətimizdir" ( Azərbaycan, rus və gürcü dillərində) kitabları bu sıralardadı.
Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatları Dövlət Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olan layihələrimiz-- "Kəlağayı əlvan qıyqacı", “Azərbaycan kəlağayısı min illərin yadigarı”, “Azərbaycan
kəlağayılarının təbliği”, “ Milli baş geyimi və ötükləri” layihələrimiz Mirvarid Dilbazi Poeziya Məclisi İB tərəfindən uğurla icra olundu. Geniş tamaşaçı kütləsi tərəfindən alqışlarla və sevgilərlə qarşılandı. topluları, həmçinin Brilyant Atəşin "Nənəmin kəlağayısı" və "Keçmişdən sabaha yol kəlağayı", Arzu Yaqubqızının "Nağıl kəlağayım, sirr kəlağayım", Arzu Əyyarqızının "Ən müqəddəs pay kəlağay" kitabları işıq üzü görmüşdür. Bütövlükdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq "kəlağayı ədəbiyyatı" yaratmışıq.
2025-ci il Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə “Könstitusiya və Suverenlik ili” kimi tariximizin səhifələrinə yazlıb. Bu il həm də 44 gün davam edən tarixi Zəfərimizin 5 illiyidir. Bununla əlaqədar olaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı Ev Muzeyi” noyabr ayının 1-dən 26-nə kimi respublikamızda “Kəlağayı bayramı” keçirir.
“Azərbaycan Kəlağayısı Günü”ndə - noyabrın 26-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında kəlağayıların sərgisi və "Kəlağayı Bayramı" adlı geniş konsert keçiriləcək.
Məqsədim 26 Noyabr - Azərbaycan Kəlağayısı Gününün "Kəlağayı Bayramı" kimi hər yerdə qeyd olunmasına nail olmaqdı və gündəmdə saxlamaqdı. Milli dəyərlərimiz o qədər möhtəşəmdir ki, qoruyaq, təbliğ edək.
Bu yazının müəllifinin “Kəlağayı bayramı” kitabı “Konsitusiya və Suverenlik ili”nə, “Zəfər bayramı”na, “Azərbaycan Kəlağayısı Günü”nə və bütün milli mənəvi dəyərlərimizə sayğı ilə yanaşanlara dəyərli töhfədir.
Kitab üz qabığının əsl bayram əhval ruhiyyəsi - əlvan rəng çalarları ilə, həm də ilimizin yekunu kimi hesabat xarakterli publisistik yazı və şeirlərlə oxucuların zövqünü oxşayacaq.
Hər bir Azərbaycan xanımının bir kəlağayısı olsun və xanımlarımızın hədiyyəsi kəlağayı olsun!
GÜLLÜ ELDAR TOMARLI
Mirvard Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
“Kəlağayı Ev Muzeyi”nin direktoru,
şair, publisist