Azərbaycanın bütün dünya ölkələri ilə olduğu kimi, Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə də siyasi,iqtisadi,diplomatik münasibətləri ildən-ilə daha da möhkəmlənir.Bu dövlətlər içərisində dil,soy-kök,mədəniyyət olaraq bizə doğma olan Özbəkistanla münasibətlərin özünəməxsus yeri var.İki qardaş ölkə arasında son illər genişlənən əməkdaşlıq, müttəfiqlik, strateji tərəfdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına, birgə layihələrin artmasına əlverişli şərait yaradır.
Cari ilin 13 noyabr tarixində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji mahiyyətini və qardaşlıq zəminində inkişaf edən çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini bir daha aydın şəkildə göstərdi. Dövlət başçısı müsahibəsində siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, nəqliyyat-kommunikasiya layihələrindən mədəni-humanitar əlaqələrə qədər bütün sahələrdə əldə edilmiş nəticələri dəyərləndirdi, iki ölkənin gələcək inkişaf vizionuna dair mühüm mesajlar verdi.
Cənab Prezident müsahibədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bu gün getdikcə artan strateji əhəmiyyətə malik olan vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırmasından bəhs edib. Bu məkan regionda siyasi dialoqun güclənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və qlobal təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyətin səmərəliliyini daha da artırır.
Prezident İlham Əliyev yaxın günlərdə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edəcəyini bildirib və xatırladıb ki, bu, onun tədbirdə sayca üçüncü iştirakı olacaq. O, ilk dəvəti 2023-cü ildə Düşənbədə keçirilən görüşə aldığını, növbəti dəfə 2024-cü ildə Astanadakı toplantıda iştirak etdiyini, qarşıdakı görüşün isə Daşkənddə keçirilməsinin gözlənildiyini vurğulayıb.
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayrılsa da, Xəzər dənizi əslində bu ölkələri birləşdirən mühüm amildir. Belə ki, Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, xalqlarımızın tarixi əməkdaşlığının, iqtisadi potensialının və birliyinin simvoludur.
Prezident İlham Əliyev bildirib ki, ölkələrimizi yalnız coğrafi yaxınlıq deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. O, Azərbaycanın region ölkələri ilə ən yüksək səviyyədə əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi dialoq və qarşılıqlı səfərlər intensivləşməkdədir, son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana təxminən 30 səfəri olub, dövlət başçımız isə bu müddətdə qardaş ölkələrə 13 dəfə səfər edib. Bu dinamika münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri ən yüksək – müttəfiqlik səviyyəsindədir. Dövlət başçımız Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə arasında yaranmış şəxsi dostluğun və qarşılıqlı etimadın münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi qeyd edib.
Son bir il yarımda ölkə liderləri arasında beş yüksək səviyyəli səfərin baş tutması münasibətlərin yüksək dinamikasının göstəricisidir. Belə ki, 2023-cü ilin avqustunda Prezident İlham Əliyev Özbəkistana 2024-cü ilin iyulunda isə Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərləri etmişdilər və bu səfərlər çərçivəsində dövlətlərimiz arasında onlarla mühüm sənəd imzalanmışdır.
Dövlətimizin başçısı vurğulayıb ki, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə yüksəldən əhəmiyyətli sənədlərdir. Bu sənədlər qısa müddətdə görülən böyük işlərin və tərəfdaşlığın dərinləşməsinin göstəricisidir.
Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Dövlət başçısı fürsətdən istifadə edərək qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Xüsusilə Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi bölgə üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Cənab Prezident qeyd edib ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada bu təşəbbüslə çıxış edən ilk lider olub. Bu addım xalqlarımız arasında sarsılmaz həmrəyliyin, dostluğun və qardaşlığın ən parlaq nümunəsidir.
Azərbaycan və Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verməkdədirlər. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər qurumlar çərçivəsində də sıx koordinasiya iki ölkə arasında strateji həmrəyliyi daha da gücləndirir.
Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur. Bu gün ölkəmizdə təxminən 120 Özbəkistan investisiyalı şirkət fəaliyyət göstərir və sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurlu layihələr həyata keçirir. Belə ki, 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib, 2025-ci ilin ilk doqquz ayında isə bu rəqəm ötən illə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara yüksəlib.
Dövlətlərimiz arasında sərmayə əməkdaşlığı da güclənməkdədir. Özbəkistanın Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayə 21,8 milyon dollar, Azərbaycanın isə Özbəkistan iqtisadiyyatına sərmayələri 183,5 milyon dollar təşkil edir. 2023-cü ildə 500 milyon dollarlıq ümumi kapitala malik Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması çox mühüm addımdır.
Xankəndidə yaradılan birgə tikiş fabriki isə həm iqtisadi inkişafı, həm də sosial-iqtisadi reinteqrasiyanı dəstəkləyir.
Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika infrastrukturunun inkişafıdır. O, Azərbaycan və Özbəkistanın Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda əsas tərəfdaş olduğunu qeyd edib.
Dövlət başçısı xatırladıb ki, 2024-cü ildə tranzit daşımalar 18 faiz artaraq 1,3 milyon tonu keçib, 2025-ci ilin ilk doqquz ayında isə təxminən 1 milyon tona çatıb.
Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, geniş ticarət donanması və doqquz beynəlxalq hava limanı – ölkənin regional və qlobal nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir. Bununla belə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya üçün yeni imkanlar yaradacaq.
Energetika sektorundakı əməkdaşlıq ənənəvi olaraq prioritet istiqamətlərdəndir. SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsullarının ixracını diqqətə çatdıran dövlət başçısı 2016-cı ildən fəaliyyət göstərən “Neftegaztexnologiya” birgə müəssisəsinin qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib.
Prezident bildirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında 2024-cü ildə imzalanan strateji enerji sazişləri regionun enerji təhlükəsizliyinə və bərpaolunan enerji mənbələrinin inkişafına yeni imkanlar açır.
Prezident İlham Əliyev mədəni-humanitar əlaqələrin xalqları birləşdirən ən mühüm sahələrdən biri olduğunu vurğulayıb. 2023-cü ildə keçirilmiş Özbəkistan Mədəniyyəti Günləri, o cümlədən, 2024-cü ildə Azərbaycanda təşkil olunan Özbəkistan Elm və Mədəniyyət Günləri, Xivədə “Şuşa Günləri” kimi tədbirlər xalqlarımız arasındakı mənəvi yaxınlığın təzahürüdür.
Bununla yanaşı, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand və digər şəhərlər arasında qardaşlaşma əlaqələrinin genişləndirilməsi də mədəni-humanitar münasibətlərin inkişafına öz töhfəsini verməkdədir.
Dövlət başçısı əlavə edib ki, iki ölkənin birgə səyləri nəticəsində FIFA İcraiyyə Komitəsinin U-20 Dünya Çempionatının 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçirilməsi barədə qərar qəbul etməsi tarixi nailiyyətdir.
Dövlətlərimiz arasında media və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq da məhsuldar şəkildə inkişaf edir. 2024-cü ildə Daşkənddə birinci, 2025-ci ildə Bakıda ikinci Media Forumu, həmçinin Özbəkistan-Azərbaycan QHT Forumunun təşkil edilməsini bu sahədə əməkdaşlığın praktik nəticələridir.
Beləliklə, Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibə Azərbaycan–Özbəkistan əməkdaşlığının keçmişi, bu günü və gələcəyi haqqında dərin və sistemli baxışı əks etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı etimada, sarsılmaz dostluğa və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin daha da möhkəmlənəcəyini göstərir. Prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycan və Özbəkistanın ortaq tarixə, dəyərlərə və məqsədlərə söykənən müttəfiqliyinin regional sabitliyə, inkişaf və tərəqqiyə xidmət etdiyini bir daha nümayiş etdirdi.
Şübhəsiz ki, Daşkənddə keçiriləcək 7-ci Məşvərət Görüşü qardaş xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın daha da inkişafına yeni impuls verəcək.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini